Türkiyəyə Ermənistanla bağlı sərhəd çağırışları - Sürix protokolu – 2?
Elşad Musayev: “İnandırıcı deyil ki, Türkiyə Azərbaycanla razılaşdırmadan Ermənistanla sərhədi açsın”
Ermənistana havadarlıq etmək adı ilə əslində Cənubi Qafqazda öz maraqlarını təmin etmək yolunu tutan ABŞ və Qərb həm də bu ölkə üçün nəfəslik açmağı düşünür. Qonşuları ilə normal münasibətlər qurmağı bacarmayan Ermənistan faktiki olaraq özünü blokadaya salıb və bütün kommunikasiyalardan kənarda qalmağa məhkum edilib.
Ermənistanın qonşularından biri də Türkiyədir. Hələ 2008-ci ildən başlayaraq, Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur edirlər. Lakin qardaş ölkə birmənalı olaraq bildirirdi ki, Ermənistan işğal amilini aradan götürməyənə qədər bu mümkün ola bilməz. Ermənistanın havadarları düşünürlər ki, artıq Qarabağ problemi həllini tapıb və Azərbaycan öz ərazi bütövlüyünü həll edibsə, bu mövzunu yenidən gündəmə gətirmək olar. Həm də indiki məqamda bu amil Qərb və ABŞ-a hava və su kimi gərəkdir. Qeyd olunur ki, aprelin 5-də baş tutan Brüssel görüşündən sonra Qərbin Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdləri həm də Türkiyə-Ermənistan sərhədinin açılması tələbi fonunda davam edir. Qərb Ankaranı sərhədləri açmağa məcbur etmək istəyir. Təbiidir ki, qardaş ölkə bu dəfə də doğru seçim edərək, bu avantüraya getməyəcək. Çünki Türkiyə ilə bizim aramızda həm də tərəfdaşlıq, işbirliyi, strateji müttəfiqlik, “Şuşa bəyannaməsi” var. Bu da Ermənistanın üzrəinə düşən öhdəlikləri yerinə yetirməyənə kimi onunla birbaşa əməkdaşlığı istisna edir.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son üçtərəfli görüş də Qərbin açıq-aşkar Ermənistanın yanında olduğunu göstərdi: “Avropa İttifaqı tərəfindən Ermənistana 270 milyon, ABŞ tərəfdən isə 65 milyon avro yardım verilməsi nəzərdə tutulur. Bununla paralel olaraq, Türkiyə ilə Ermənistan arasında olan sərhədlərin açılması məsələsi gündəmə gətirilir. Açıq-aydın hiss olunur ki, Qərbin bu təşəbbüsləri yalnız Rusiyaya qarşı deyil, eyni zamanda birbaşa Azərbaycana qarşı yönəlib. Ermənistana hərbi yardımın verilməsi ilə bağlı mövzunu gizli saxlasalar da, bəzi işartılar özünü göstərir. Görünən budur ki, Ermənistana digər sahələrdə verilən dəstək onun dirçəlib, sonra bizə qarşı çıxmasına xidmət edir. Türkiyə ilə bağlı tələblər keçərli olmayacaq. Çünki ölkələrimiz arasında sıx bağlar var. Ölkə başçılarının şəxsi münasibətləri ən ali səviyyədədir. Biz 44 günlük müharibədə Türkiyənin dəstəyinin şahidi olduq və bunu heç vaxt unuda bilmərik. İnandırıcı deyil ki, Türkiyə Azərbaycanla razılaşdırmadan Ermənistanla arasında olan sərhədi açsın. Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, bunu gözləmək olar. Buna görə də, nə qədər Ərdoğan hakimiyyətdədir, biz anklav kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizi məsələsini həll etməliyik. Həm də Ermənistanla-Rusiya arasında olan gərginlikdən istifadə etməliyik ki, proses gecikməsin. Mən pozitiv yanaşıram, əminəm ki, Azərbaycan haqlı tələblərinə nail olacaq”.
Məhəmmədəli QƏRİBLİ