Ermənilər 1920-də Sevr müqaviləsi səhvini 2024-də Brüsseldə təkrarlayır...
Məhərrəm Zülfüqarlı: “Ermənilər tarixən imperiyalara xəyanət edib və məsələlərə öz mənfur məqsədlərindən yanaşıblar”
Brüsseldə aprelin 5-də keçirilən ABŞ-Aİ-Ermənistan formatlı görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb. Belə görünür ki, ermənilər tarixdən dərs çıxarmaq istəmir. Tarixi müqayisələr apararkən bu aydın şəkildə özünü göstərir.
Məsələn, 1920-ci ildə imzalanan Sevr müqaviləsi ilə o zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi. Ancaq beynəlxalq aləmdə Sevr müqaviləsi tanınmadı və ermənilər həm məğlub oldu, həm də onlara vəd olunan əraziləri almadılar. Çox acınacaqlı duruma düşdülər. Görünən odur ki, Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Tarixdən nəticə çıxarmayaraq növbəti dəfə Qərbin oyunlarına gedir və qonşu dövlətlərə qarşı istifadə olunur.
“Ermənistan nə qədər çox siyasi, tarixi səhv buraxsa, bu bir o qədər bizim xeyrimizədir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Brüssel görüşü o vaxt ədalətli olardı ki, Azərbaycan orada iştirak etsin: “Təəssüf ki, bu baş vermədi. Ermənilər tarixən imperiyalara xəyanət edib və məsələlərə öz mənfur məqsədlərindən yanaşıblar. Dünənə qədər Rusiyanın forpostu olan Ermənistan bu gün Moskvaya xəyanət edir. Ermənistanda rusların hərbi bazası varsa, strateji iqtisadi sahələr Rusiyanın əlindədirsə, deməli proses hələ uzana bilər. Ancaq bir məsələni nəzərdən qaçırmaq olmaz. XIX əsrdən başlayaraq Rusiya imperiyası ermənilərdən istifadə edib bir sıra qırğınlar törədib. Bu, SSRİ yaranandan sonra da davam edib. Bu həmin Rusiyadır ki, Qarabağa Vətən müharibəsindən sonra hansısa status vermək istəyirdi. Sülhməramlıları da buna görə ora yeritmişdi, amma alınmadı. İndi Ermənistanın Qərblə yaxınlaşmağında əsas məqsəd Rusiyanın caynağından qopmaqdır. Qərbin strateji məqsədi odur ki, Rusiyanı nəinki Ermənistandan, bütün Cənubi Qafqazdan çıxarsın. O baxımdan ermənilərdən bir vasitə kimi istifadə edilir. Ona görə də biz ehtiyatlı siyasət yeritməliyik. Həm Rusiyanın indiki zəifləmiş vəziyyətində özümüzü Moskvanın hədəfindən kənarda qoyuruq, həm də türkdilli dövlətlərlə əməkdaşlığı genişləndiririk. O baxımdan Azərbaycanın indiki dövrdə yeritdiyi siyasəti düzgün hesab edirəm. Ermənistan nə qədər çox siyasi, tarixi səhv buraxsa, bu bir o qədər bizim xeyrimizədir. Bundan maksimum faydalanmalıyıq. Sərhəddə atəşkəsin pozulması Rusiyanın xeyrinədir. Biz Qərblə iqtisadi əməkdaşlığı siyasi əməkdaşlığa çevirməliyik. Oradan gələn təhdidləri neytrallaşdırmalıyıq. Azərbaycan müstəqil siyasət yeritməsini davam etdirməlidir”.
Vidadi ORDAHALLI