2008-də Qərbin Gürcüstan üzərindən “Ermənistan planı” belə boşa çıxdı...
Elşən Manafov: “Gürcüstanda mövcud iqtidarın mövqeyi Saakaşvilinin Rusiyaya olan mövqeyindən fərqlənsə də...”
Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirmək istəyir. Bu minvalla Cənubi Qafqazda yeni status-kvo və ayırıcı xətlərin çəkilməsinə çalışır. Artıq neçə vaxtdır Qərbin Ermənistanla bağlı öz planlarını həyata keçirmək üçün sistemli fəaliyyət göstərdiyi müşahidə edilir.
Bundan əvvəl də Qərbdə Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı olub. 2008-ci ildə buna cəhd etdilər. Ondan sonra da çalışdılar, amma Azərbaycan bunu pozdu. Xüsusən də Azərbaycanın qüdrətlənməsi və 44 günlük müharibədən sonra Qərb ikinci plana keçib – Ermənistanın tamamilə nəzarətə götürülməsi. Məhz bu yöndə daha çox cəhdlər edir. Baxmayaraq ki, Ermənistanda Rusiyanın hərbi bazaları var, bu dövlətin Rusiyadan iqtisadi və digər asılılığı böyükdür.
O baxımdan bütün bunları ekspertlər necə şərh edir?
“Azərbaycanın Ermənistanla münasibətlərdəki problemləri vasitəçilərsiz həll etmək təklifləri Qərbi qane etmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Brussel göruşu ərəfəsində ABŞ Dövlət katibi Blinkenlə telefon söhbətində Prezident Əliyev görüşün regionda sülh quruculuğu səyləri üçün ciddi əngəl olacağı ilə bağlı xəbərdarlıq edib. ABŞ tərəfi Azərbaycanın narahatlığı üçün əsasın olmadığını iddia edib. Görüş baş tutdu və bundan sonra Ermənistanın Qərbin boyunduruğu altına keçdiyini inamla demək olar. ABŞ və Avropa İttifaqının Ermənistana ayırdığı milyonlarla vəsaitin Paşinyan hökuməti tərəfindən təyinatı üzrə xərclənməyəcəyi heç bir şübhə doğurmur. Bu vəsaitlər, heç şübhəsiz, Ermənistanın silahlandırılmasına yönəldiləcək. Qərb Ermənistanı silahlandırıb bölgədə gərginliyi yüksəltmək, regionun geosiyasi konfiqurasiyasını dəyişmək istəyir. Halbuki, Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi mövzuya çevrilməsini heç vaxt istəməyib. Azərbaycanın Ermənistanla münasibətlərdəki problemləri vasitəçilərsiz həll etmək təklifləri Qərbi qane etmir. Qərb Ermənistanın xahişi ilə bu danışıqlarda vasitəçi kimi iştirak edib problemin məhz onun vasitəçiliyi ilə həlli məsələsini qabartmaq, Rusiyanı danışıqlardan kənarlaşdırmaq, onun regionda nufuz dairəsini daraltmaq, perspektivdə isə bütövlükdə bölgədən sıxışdırıb çıxarmaq istəyir. Lakin eyni zamanda anlayır ki, Ermənistanın Rusiyadan olan enerji və digər asılılıq çox böyükdür. Ona görə də Ermənistana maliyyə və hərbi dəstəyi tədricən artırmaqla bu işi mərhələli şəkildə həyata keçirmək istəyirlər. Azərbaycanı Ermənistanla müharibəyə sürükləməklə Qərb ilk əvvəl İrəvanla Rusiyanın münasibətlərini pozmaq istəyir. Bu ölkəni KTMT-dən uzaqlaşdırmaq istəyir. Rusiyanın Ermənistan təcavüzə məruz qalmayacağı təqdirdə hərbi əməliyyatlara qatılmayacağı bəlli olduğundan, Paşinyan bunu bəhanə edərək KTMT-dən çıxacağını bəyan edəcək. Artıq bu halda Rusiyanın ona xəyanət edən müttəfiqini cəzalandırmaq üçün hərəkətə keçəcəyi bəllidir. Cənubi Qafqazda Rusiyanın postsovet ərazisində daha bir müharibəyə cəlb olunması Qərbin regionla bağlı geosiyasi layihəsinin tərkib hissəsidir. Azərbaycan Ermənistan və Qərb tərəfindən bəlli təxribatlara cəlb oluna biləcəyi ilə bağlı məqamları nəzərə alaraq, Türkiyənin dəstəyi və Rusiyanın loyallığı şəraitində hazırda Ermənistanın nəzarətində olan, lakin beynəlxalq birlik tərəfindən ona aidiyyəti qəbul olunan məlum kəndləri qaytarmaq üçün yaranmış fürsətdən istifadə edə bilər. Gürcüstana gəlincə, buradakı iqtidarın mövqeyi Saakaşvilinin Rusiyaya olan mövqeyindən fərqlənsə də, hakim “Gürcü arzusu” partiyasi Qərbə inteqrasiyanın tərəfdarıdır. Sadəcə, bu inteqrasiyanın Rusiya maraqlarını təhdid edəcək şəkildə həyata keçirilməsi mövqeyindən uzaqdır. Üstəlik, Tbilisi Azərbaycanın Cənubi Qafqazda rolunu nəzərə alır”.
Vidadi ORDAHALLI