Dövlət Komitəsinə sədr təyin edilən Ramin Məmmədov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramin Ələmşah oğlu Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.
2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib, 2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009-2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Milli Məclisin deputatı Ramin Məmmədov ötən il Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Evlidir, 1 övladı var.