NATO-da bağlı qapılar arxasında müzakirə edilən ŞOK “Ukrayna planı” - Rusiyanın ələ keçirdiyi ərazilərdən imtina edilir, əvəzində isə...
İtaliyanın “La Reppublica” qəzeti NATO daxilində qeyri-rəsmi olaraq müzakirə edilən bir planın olduğunu yazıb. Qəzet Ukraynanın Krımın və ötən il referendumla Ukraynadan ilhaq edilən bölgələrin Rusiyaya birləşdirilməsi müqabilində NATO-ya daxil edilməsinin müzakirə edildiyini iddia edib.
Qeyd edilir ki, Ukrayna təhlükəsizlik müqabilində ərazilərindən imtina etməli ola bilər. Məqalədə Avropanın Trampın ABŞ-da seçkiləri qazanacağı təqdirdə yarana biləcək ssenaridən qorxduğu və bunu, heç kim rəsmi şəkildə qeyd etməsə də, arxa planda Bayden məğlub olacağı halda məcburi sülh planlarının masada olduğu bildirilib.
"Müharibəni bitirmək üçün təklif olunan həll yolu - təhlükəsizlik müqabilində müəyyən ərazilərdən imtina etmək. Yəni rusların ələ keçirdiyi ərazilərdən imtina etmək, amma əvəzində Ukraynanın dərhal NATO-ya üzvlüyünə zəmanət vermək. Bu, bəlkə də Brüsseldə keçirilən Alyansın sonuncu sammitində rəsmi olaraq müzakirə edilən fərziyyə deyil. Amma bütün qeyri-rəsmi söhbətlərdə bu, vaxtaşırı təkrarlanan bir ehtimaldır. Əslində, son bir neçə gündə bu, daha intensiv müzakirə olunur. Bu "mübadilə"ni bir çox ekspertlər müharibəni bitirmək üçün mümkün həll yollarından biri kimi dəyərləndirir. Kiyevə hərbi yardımı sürətləndirmək səylərinin lokomotivi də budur. Çünki bu həll həqiqətən qəbul olunarsa, indidən gələn ilin əvvəlinə qədər Ukraynanın torpaqlarının mümkün olan ən geniş hissəsini əlində saxlaması həyati əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün Zelenskinin ordusunu silah, sursat və bəlkə də canlı qüvvə ilə təmin etmək lazım gələcək” – deyə qəzet yazır.
Tahir TAĞIYEV