İqlim dəyişikliyi dəhşətli quraqlıq törədir - Azərbaycan üçün böyük problem...
“Azərbaycan ərazisinin 15 faizində quraqlıq risqi var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq risqi ilə üz-üzə qaldığını vurğulamaq lazımdır”. Bunu “İqlim dəyişikliyinə Kosmosdan baxış" tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov səsləndirib.
Onun sözlərinə görə, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb: “Son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb ki, bunun da 1,5 metri son beş ilə təsadüf edib. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq risqi altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən il ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb”. Qeyd edək ki, ölkədə həm içməli, həm də suvarma suyunun qıtlığı ilə bağlı şikayətlər artır. Artıq paytaxt Bakının özündə belə bir çox ərazilərə su limitlərlə verilir. Baş verənlər aqrar sektora da təsirsiz ötüşmür. Məsələn, Azərbaycanda mal-qara sayında azalma davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda iribuynuzlu mal-qara sayı 2 milyon 510 min, qoyun və keçi isə 7 milyon 6 min baş olub. Bir neçə ayda iribuynuzlu heyvanların sayı 23 min, qoyun və keçi sayı isə 163 min baş azalıb. Bununla paralel ölkəyə ətin idxalı artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət gətirilib. Ötən ilin eyni ayı ilə müqayisədə idxal edilən ətin həcmi 63.8, dəyəri isə 75 faiz artıb. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, heyvanların sayında azalmaya təbii yemlərin azalması faktoru təsir göstərir: “Təbii yemlərin özündə ciddi məhdudlaşmalar var. Bu da iqlim dəyişikləri ilə bağlıdır. Təbii yemlərdə azalma olursa, insanların təsərrüfatında yetişdirdikləri yoncaya tələbat artır, bu da qiymətlərə təsir göstərir”. Bitkiçilik də iqlim dəyişikliyinin ciddi təsirinə məruz qalır. Yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə əkinçilikdə bitkilərin vegetativ inkişafının normada getməsinə mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur. Eləcə də son illərdə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində mənbələrdə su ehtiyatının azalması aqrar sahənin su təminatında bir sıra çətinliklərin əmələ gəlməsi ilə nəticələnib.
İqlim dəyişikliyi Xəzər dənizinin suyundan itifadə məsəlsinə də təsir edir. Xəzər dənizinin səviyyəsinin düşməsini isə ekspertlər son illər, əsasən, Volqa çayının axınının həcminin azalması ilə izah edirlər. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır. Xəzər problemi ətrafında beş ölkəni birləşdirən və 2006-cı ildən qüvvəyə minən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Tehran Konvensiyası birgə fəaliyyət üçün regional platformadır. Xəzəryanı ölkələr dənizin çirklənməsinin qarşısının alınması və ona nəzarət, eləcə də onun ətraf mühitinin mühafizəsi və bərpası üçün zəruri tədbirlərin görülməsi, Xəzər dənizinin ehtiyatlarından onun ətraf mühitinə xələl gətirmədən istifadə edilməsi və Konvensiyanın məqsədinə nail olmaq üçün öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək üzrə ümumi öhdəlik daşıyırlar. Bununla belə, Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin məlumatına görə, son bir neçə ildə dənizin səviyyəsinin aşağı düşmə tendensiyası müşahidə olunur. Komitəni Xəzəryanı dövlətlərin hökumətləri yaradıb. Qurumun açıqlamasına görə, 2022-ci ildə Xəzər dənizinin səviyyəsi 27, 2021-ci ildə isə 20 santimetr aşağı düşüb. Bu tendensiya 2023-cü ildə də davam edib. Məlumata görə, 2023-cü ilin iyununda mövsümi dəyişikliyin pik həddində dəniz səviyyəsi mənfi 28.82 metrə enib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 santimetr aşağıdır. Türkmənistanın adının açıqlanmasını istəməyən ekoloqu isə “Azattık” radiosuna bildirib ki, onun müşahidələrinə görə, son bir neçə ildə Xəzərdə suyun səviyyəsi 40 sm düşüb: “Bu, təkcə Xəzər regionu üçün deyil, həm də onun hüdudlarından çox-çox kənarda ciddi nəticələrə gətirib çıxara bilər”. Onun sözlərinə görə, suyun azalmasına onun aktiv buxarlanması və neft quyularının artması səbəb olub. Bununla belə, o ehtimal edir ki, fəlakətli dayazlaşmanın əsas səbəbi Volqa çayının axınının həcminin azalmasıdır: “Volqa çayının Xəzər dənizinə töküldüyü yerdə suyun axını azalıb. Ehtimala görə, bu vəziyyətin yaranmasına səbəb Rusiya Federasiyasının Volqada su elektrik stansiyaları tikməsi, sahilyanı rayonlarda, xüsusən Volqoqrad və Həştərxan vilayətlərində kənd təsərrüfatı işlərini gücləndirməsidir. Bu bölgələrdə çəltik əkininə başlanıb ki, bu da çoxlu su tələb edir”. Xəzər dənizinə ümumi çay axımının təxminən 85 faizi Volqanın payına düşür.
Samirə SƏFƏROVA