İrandan 94 qəpiyə gələn məhsul bazarda 3 manata satılır...
Kamran Məmmədli: “Kənd təsərrüfatı məhsullarının baha olmasının başlıca səbəbi bazarın, həm də idxalın inhisarda olması ilə bağlıdır”
Bu ilin yanvar ayında Azərbaycan İrandan ümumi dəyəri 574 min 620 dollar olan 1 044,74 ton xiyar idxal edib. İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan xiyarın orta satış qiyməti 2,84 manat, fevral ayında isə 2,92 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan xiyar market və dükanlarda gömrük dəyərindən 3,1 dəfə baha satılıb.
“Gömrüyə bir məhsul 90 qəpiyə daxil olursa, bazarda nə səbəbdən 3 manata satılması ilə bağlı araşdırma aparılmalıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının baha olmasının başlıca səbəbi bazarın, həm də idxalın inhisarda olması ilə bağlıdır: “İnhisarçılar öz aralarında hansısa məhsulun qiyməti ilə bağlı razılığa gəlir və beləliklə standart qiymət təyin edirlər. Ancaq bazar iqtisadiyyatı olan ölkədə azad rəqabət mühiti olmalıdır. Qiymətlər isə inhisarçılar tərəfindən təyin edilməməlidir”.
Ekspert hesab edir ki, gömrüyə bir məhsul 90 qəpiyə daxil olursa, bazarda nə səbəbdən 3 manata satılması ilə bağlı araşdırma aparılmalıdır. Aidiyyəti qurumlar bu tip problemləri həll etməsə gələcəkdə daha yüksək qiymət artımının şahidi olacağıq: “Qiyməti ucuzlaşdırmağın ən yaxşı yolu budur ki, rəqabət mühiti lazımdır, hökumət istehsalı stimullaşdırmalıdır ki, məhsul bolluğu yaransın. Bu məsələ Azərbaycanda qiymətlərin sabitləşməsinə, ədalətli xidmət qiymətinin formalaşmasında əsas amil kimi çıxış edə bilər. İndiki şəraitdə qiymətə nəzarət etməklə heç nə edə bilməyəcəklər.
Onu da deyim ki, rəqabət şəraiti yox dərəcəsindədir. Seçim imkanları məhduddur. Bu sahədə neçə illərdir müvafiq iş aparılsa da, bazarlarla istehsalçı-tədarükçü arasında gözəgörünməz işbazların mövcudluğu və fəaliyyəti bir sıra məqsədlərə çatmağa imkan vermir. Odur ki, bunu həll etmək çətindir. Ümumi bahalıq fonunda isə həmin gözəgörünməz işbazların işləri daha ”xod" gedir”.
Günel CƏLİLOVA