Qəhrəmanlar unudulmur - FOTO
Qəhrəmanlıq tariximizin şanlı səhifəsində yer alan 2016-ci ilin Aprel döyüşləri 44 günlük haqq savaşımızda qazandığımız şanlı zəfərimizin başlanğıcı oldu.
Döyüşlər zamanı Masallı gəncləri də erməni faşistlərinə qarşı misilsiz qəhrəmanlıq örnəyi göstəriblər. Qanlı döyüşlərə qatılan Nurlan Əsgərli və Firdovsi Bağırzadə yağıya qan qusdurub şəhidlik zirvəsinə ucalıblar.
Artıq 2016-ci il Aprel döyüşündən 8 il ötür. Bu münasibətlə Masallıda “Qəhrəmanlar unudulmur” aksiyası çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi, könüllüləri, eləcə Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektoru əməkdaşları ölümsüzlüyə qovuşan hər iki şəhidin məzarlarını ziyarət etməklə önlərinə təzə güllər düzüblər.
Ziyarət zamanı çıxış edənlər Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, əsgər və zabitlərin döyüşlərdə göstərdikləri şücaətdən, qazanılan qələbənin əhəmiyyətindən danışıb, həmçinin canı-qanı bahasına qəhrəmanlıq dastanı yazan şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildiriblər.
Hər iki şəhidimiz ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif olunublar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü