Avropada Fransanın anti-Azərbaycan siyasətinə qarşı proses başladı...
Məlum olduğu kimi, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin bölgədə gərginliyi artırdığını deyib. Bu barədə İtaliyanın “Giornale Diplomatico” nəşri İtaliya Xarici İşlər Nazirliyinə istinadla yazır.
Edmondo Çirielli bildirib ki, tərəflərdən başqa qurumların nümayəndələrinin hər hansı qeyri-məqbul bəyanatı gərginliyi daha da gücləndirmək risqi daşıyır: “Fransanın xarici işlər naziri Stefan Sejurnenin bəyanatları, əlbəttə ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Nazir Sejurnenin bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər verməməsi məqsədəuyğun və faydalı olardı”. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada o da bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən addımlardan çəkinməyə çağırış edilib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi qismində məsuliyyətli davranış sərgiləyir və bununla əlaqədar Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı verdiyi bəyanatlar prosesə mənfi təsir göstərir. Qeyd edək ki, Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransı keçirən Fransa xarici işlər naziri Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə ittiham edib: “Biz Ermənistanın Azərbaycan tərəfindən təhdid edilən ərazi bütövlüyü barədə danışdıq. Onu da deyim ki, Azərbaycanın ritorikasının nəzarətdən çıxması bizi son dərəcədə narahat edir. Biz Bakıdan Ermənistanı eskalasiyada günahlandıran külli miqdarda saxta xəbərlər gəldiyini görürük”. Amma Stefan Sejurnenin bu dediklərinin yalan olduğunu artıq Avropada da açıq mətnlə bəyan edirlər. Azərbaycan Xarici İşlər Nazirliyi bu fonda vurğulayır ki, İtaliyanın yürütdüyü siyasət başda Fransa olmaqla bəzi Avropa ölkələrinə nümunə olmalıdır: “İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir. Bu, eyni zamanda ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir. İtaliya tərəfinin həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub. Bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən qaçınılması bir daha İtaliya tərəfinin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib. Hesab edirik ki, İtaliya tərəfindən yürüdülən bu siyasət, başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır”.
Baş verənlər onu göstərir ki, Fransa Avropanın əsas güc mərkəzlərinin siyasətinə zidd hərəkət edir və regiondakı nüfuzunu itirir. Sii deyil ki, Fransanın əsas istəyi regiondakı təsir gücünü artırmaqdır. Bunu Ermənistanın əli ilə etməyə çalışır. Təsadüfi deyil ki, Paris İrəvanı nəinki siyasi, həm də hərbi cəhətdən dəstəkləyir. Amma bu hal regionda bütün Avropanın mövqeyinə xələl gətirir. Fransa Avropa İttifaqının məqsədlərinə zidd addımlar atır. Brüssel regiondakı sabitliyi təmin etməklə buradakı iqtisadi layihələrini həyata keçirmək niyyətindədir. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycan prezidenti İlham Əliyevə zəngi fonunda da bunu görmək mümkündür. Telefon danışığı əsnasında tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, bu xüsusda bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub. Söhbət zamanı 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib. Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Amma Fransa bütün bunlara əngəl yaradır və Ursula Fon der Lyayenin mövqeyindən göründüyü kimi, bu hal Avropa İttifaqının ümumi siyasəti ilə ziddiyyət təşkil edir. Bu halda Fransanın cəhdləri əks effekt verir. Bu ölkənin prezidenti Emmanuel Makron reallıqları nəzərə almır. O, ancaq öz ambisiyaları barədə düşünür. Məhz bunun nəticəsidir ki, Parisin rəsmiləri Azərbaycanda tamamilə nüfuzdan düşüb. Bundan başqa, Fransa regiondakı siyasi dayaqlarını itirməkdədir. Amma Makron bunlardan dərs çıxarmır və subyektiv mövqeyini davam etdirir. Bütün hallarda isə uduzan Paris özü olur.
Tahir TAĞIYEV