Qərbdən Bakıya 2 zəngin arxasındakı 2 böyük səbəb - Blinken və Ursula narahat olublar...
Yəhya Babanlı: “Prezidentimizin mövqeyinin nə dərəcədə əhəmiyyətli olduğunu görür və hesablaşırlar”
Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, bu xüsusda bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
Dövlət katibi Blinkendən sonra Ursula Fon der Lyayenin Azərbaycan Prezidentinə zəng etməsi diqqəti cəlb edir. Təbii ki, bununla Azərbaycanın könlünü almaq istəyirlər. Ancaq burada iki başlıca səbəb var. Birincisi Prezident İlham Əliyevin dünya siyasətində böyük mövqeyi və təsir imkanları ilə bağlıdır. İkincisi isə, onlar narahatdılar ki, Azərbaycan onların Cənubi Qafqazı hərbiləşdirmək və geosiyasi rəqabət arenasına çevirmək planlarını pozur.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Bununla hər iki tərəf atdıqları addımların təhlükəli olduğunu anlayır və bu xüsusda özlərini sığortalayırlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlının fikrincə, Cənubi Qafqaz ətrafında yenə qaranlıq oyunlar dönür: “Ermənistan kartından yenə də məqsədli şəkildə istifadə olunur. Tarix boyu erməni millətçiləri kənar qüvvələrin aləti kimi sülhə, birgəyaşayışa mane olub. Qırğınlar törədib, müharibəyə səbəb olublar. İndi də bu “ənənəyə” sadiqlik nümayiş etdirirlər. Halbuki, Cənubi Qafqaz sülh evinin bir addımlığındayıq. Əfsus, buna mane olurlar. İstər ABŞ Dövlət katibi Entoni Blinkenin, istərsə də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etməsi sıradan bir hadisə deyil. Görünən odur ki, hər iki tərəf atdıqları addımların təhlükəli olduğunu anlayır və bu xüsusda özlərini sığortalayırlar. Eyni zamanda Azərbaycan dövləti və prezidentinin mövqeyinin nə dərəcədə əhəmiyyətli olduğunu görür və hesablaşırlar. Dövlət başçısının “anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulaması” konkret fikri və mövqeyi ifadə etməklə ikibaşlı siyasətə eyham vurur. Fikrimcə, AvroAtlantik məkan - Fransanın simasında Avropanın lokomotiv dövlətləri, eləcə də ABŞ bilməlidir ki, dünya onlardan ibarət deyil. Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi onun Asiya ölkələri və Afrika qitəsi ilə münasibətlərinin güclənməsinə, əməkdaşlığının yüksəlməsinə əsas verir. Təbii ki, biz sivil dövlət və cəmiyyət olaraq dahi Heydər Əliyevin müdrik xarici siyasətinə uyğun olaraq balanslardırılmış strategiyanın davam etdirilməsinin arzusundayıq. Amma görünən odur ki, qlobal və regional mənfəət güdən bir sıra dövlətlər problemi qızışdırıb öz çıxarlarını götürməyə davam edir. Belə neqativlərə son qoyulmalı və gözdən pərdə asanlar ifşa olunduğunu bilməlidir. Bütün bunlar beynəlxalq təhlükəsizlik problemini həll etməyə çalışan dövlətlər tərəfindən gərək nəzərə alınsın”.
Vidadi ORDAHALLI