Çavuşoğlu: Fransa başda olmaqla digər Qərb dövlətləri sülh üçün Ermənistana təzyiq göstərməlidir
Fransa başda olmaqla digər Qərb dövlətləri sülh üçün Ermənistana təzyiq göstərməlidir.
Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması əslində Qərbin də marağında olmalıdır: "Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan Fransa başda olmaqla digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidir".
TBMM-nin üzvü bildirib ki, Antalya Diplomatiya Forumunda da bu məsələləri müzakirə edilib: "Türkiyə XİN başçısı cənab Hakan Fidan da sözügedən məsələdə qardaş ölkəyə dəstək veriləcəyini bildirib. Qərbin istər silah tədarükünün, istərsə də siyasi dəstəyinin Ermənistana hər hansı köməyi olmayacaq. Belə ki, bundan öncə də oxşar addımlar atılıb, lakin nəticəsiz qalıb".
"Türk milləti və Türkiyə dövləti olaraq hər zaman Azərbaycanın yanındayıq", - M.Çavuşoğlu qeyd edib.