Əhliman Əmiraslanov həkim, tibb bacısı və pasiyentlər barədə qanunu anons etdi...
Həkimlərin, tibb işçilərinin, hətta pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.
Danılmaz faktdır ki, ölkəmizdə pasientlərlə həkimlər arasında dəfələrlə xoş olmayan münasibət yaşanıb.
Pərvanə Mustafayeva: “Bu qanun həm həkimləri xəstələrin haqsız şərindən, həm də xəstələri həkimlərin peşələrinə yaraşmayan qeyri-etik hərəkətlərindən qoruyacaq”
Mövzu ilə bağlı fikir bildirən həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar xəstələr tərəfindən həkimlərə qarşı ciddi zorakılıq halları müşahidə olunur: “Açığı, bununla bağlı qanunvericilikdə çoxlu boşluq var. Ümid edirəm ki, yeni qanun həmin boşluqları doldurmaq baxımından əhəmiyyətli olacaq. Həm həkimləri xəstələrin haqsız şərindən, həm də xəstələri həkimlərin peşələrinə yaraşmayan qeyri-etik hərəkətlərindən qoruyacaq”.
Adil Qeybulla: “Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir qanunun qəbuluna ehtiyac yoxdur: “Dünya praktikasında “Həkim etikası kodeksi” adlanan və qəbul olunmuş davranışlar toplusu var və həkimlərin də, pasiyentlərin də hüquqları orada təsbit edilib. Bundan əvvəl də “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilirdi. Hesab edirəm ki, bunların heç birinə ehtiyac yoxdur. “Həkim etikası kodeksi” qəbul olunarsa, yetərlidir. Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də. Tibb müəssisəsində aparılan müayinələr, müalicələr, əməliyyatlar dəqiq şəkildə protokollaşdırılmalıdır. Hər hansı narazılıq, həkimin müalicəsi, apardığı əməliyyatla bağlı hər hansı şübhələr yarandıqda da bu, tərtib edilmiş protokola əsasən müəyyən edilir. Protokol yoxdursa, həkimi mühakimə etmək, doğrunu, yanlışı ayırd etmək çətindir və hətta mümkünsüzdür. Pasiyentin narazılığı da tərtib edilmiş rəsmi sənədlər əsasında müəyyənləşməlidir. Tibbi komissiya yoxlamalıdır bunları. Pasiyent müalicədən narazı qala bilər, amma yekun rəy tibbi komissiyaya məxsus olmalıdır. Biz də tibbdə, nəhayət ki, Qərb modelinə keçid etməliyik. Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır. Məsələnin kökü tibbi protokolların düzgün tərtibatındadır. Əgər protokol düzgün tərtib edilmirsə, yanlışın kimə məxsus olduğunu müəyyənləşdirmək də mümkün olmur. Həkim pasiyenti, pasiyent həkimi günahlandırır. Zərər çəkənsə ümumilikdə səhiyyə olur. Hesab edirəm ki, biz həkimlərin ixtisaslaşmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, pasiyentlərin icbari tibbi sığortadan maksimum istifadəsi üçün şəraitin getdikcə genişlənməsinə diqqət ayırmalıyıq”.
Günel CƏLİLOVA