MEDİA və Audiovizual Şura müsabiqə elan etdi
Medianın İnkişafı Agentliyi (MEDİA) Audiovizual Şura ilə birgə audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edib.
Ümumölkə yerüstü televiziya yayımçıları arasında təşkil edilən müsabiqədə iştirak etmək istəyən yayımçı Media Reyestrinə daxil edilmiş olmalı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət göstərməli və müvafiq qaydalarla müəyyənləşdirilmiş sənədləri təqdim etməlidir.
Müsabiqə üçün təqdim olunan layihə Azərbaycanın dövlətçilik tarixi; milli adət-ənənələr və ailə dəyərləri; elm və mədəniyyət; azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişafı; elmi-kütləvi, mədəni-maarif, təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzularından birini əhatə etməlidir.
Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqəyə müraciət qəbulu 6 iyun 2024-cü il 18:00-dək davam edəcəkdir.