ABŞ kəşfiyyatı Təl-Əvivə xəbərdarlıq etdi - İran 48 saat ərzində İsraili vuracaq...
İsrailin aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasına hücumu bölgədə gərginliyi artırıb. İran İnqilab Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 7 nəfərin öldüyü hücumdan sonra İran lideri Xamneyi, ardınca Livandakı "Hizbullah" İsraili hədələyib.
Ardıcıl açıqlamalardan sonra İsrail ordusu bütün əsgərlərin ev məzuniyyətini ləğv edib və hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyat əsgərləri xidmətə çağırıb. Gərginlik günü-gündən artdığı üçün Təl-Əviv bölgəsində yerli hakimiyyət orqanları sığınacaqları da hazır vəziyyətə gətirib. İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəhbəri Amos Yadlin deyib: “İran birbaşa İsrailə raket atsa, təəccüblənmərəm”.
Müharibə hazırlıqlarını sürətləndirən İsrail dünəndən GPS tətbiqlərinə müdaxilələrə başlayıb. Başda Google olmaqla müxtəlif GPS tətbiqlərinin bloklanması ilk dəfə ölkənin daxili bölgələrində baş verir. Tətbiqləri açanlar onların yerini Təl-Əviv əvəzinə Beyrut olaraq görürdülər.
Bu arada, ABŞ mərkəzli VOX News telekanalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İsrailə İranın 48 saat ərzində hücum edəcəyi barədə məlumat verdiyini yazıb. Eyni xəbər Livanın “Al Mayadeen” nəşri də yayıb. Livan mediası İranın İsrailə pilotsuz təyyarələr və raketlərlə hücum edəcəyini iddia edib.
TAHİR