Azərbaycan "3+3"-ü "3+2" formatına çevirdi - ABŞ nəqliyyat təhlükəsizliyini də pozur...
Rəşad Bayramov: “Gürcüstan çəkinir ki, ərazisi üzərindən istifadə olunacaq yük dövriyyəsi xeyli azalacaq”
Rəsmi Bakı regionda yeni əməkdaşlıq formatını elan edib. İndiyədək "3+3" (Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə-Rusiya-İran) olan format bundan sonra "3+2" (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) şəklində olacaq.
Qeyd edək ki, bu məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamalara dair şərhində yer alıb.
Bildirilib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
Siyasi şərhçi Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regional əməkdaşlıq məsələlərinin müzakirəsi üçün “3+3” formatının yaradılmasının ilk günündən Gürcüstan bu formatda iştirakdan imtina edib: “Tiflis imtinasını Rusiya ilə danışıqlar masasına oturmaq istəməməsi ilə izah edir. Gürcüstan tərəfinin regional platformanın işində iştirakdan imtina etməsinin səbəbi bu ölkə üçün hadisələrin inkişaf perspektivlərinin o qədər də əlverişli olmamasıdır.
2020-ci ilin sonunda ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlığı dərinləşdirmək məqsədi ilə Cənubi Qafqazın üç ölkəsinin: Azərbaycan, Ermənistan, Gürcüstan və regionun üç böyük dövlətinin (İran, Rusiya və Türkiyə) iştirakı ilə “3+3” platformasının yaradılması ideyasını səsləndirib.
Bu təkliffən dərhal sonra Ermənistan və Gürcüstan bu formatda iştirakdan imtina etdilər. Sonradan ilk iclası 2021-ci ildə Moskvada baş tutan bu platformanın işinə rəsmi İrəvan da qoşuldu.
Gürcüstanda hesab edirlər ki, İran və ya Ermənistan üzərindən yollar açılandan sonra Gürcüstanın iqtisadi logistik önəmi azalacaq. Gürcüstan bundan çəkinir. Çünki uzun illərdir elə Azərbaycan-Ermənistan münaqişəsinə, Ermənistanın təcavüzkar siyasətinə görə Gürcüstan Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana əsas logistik mərkəzə çevrilmişdi.
Azərbaycandan Orta Asiyaya, hətta Uzaq Şərqə belə yüklər Gürcüstan üzərindən daşınırdı və Gürcüstan bu 30 ildə bəlli bir infrastruktur da qurmuşdu. Yol kənarlarında 10 minlərlə iş yeri yaranmışdı, yəni kiçik motellər, kafelər, texniki xidmət vasitələri, təmir yerləri və digər çoxsaylı iş yerləri var idi.
İndi yeni yollar açılarkən Gürcüstan çəkinir ki, ərazisi üzərindən istifadə olunacaq yük dövriyyəsi xeyli azalacaq. Gürcüstan bu səbəbdən sözügedən formata qısqanclıqla yanaşır. Təbiidir ki, Ermənistanı da bu platformadan yayındırmağa çalışırlar. Bunu da edən Qərb və ABŞ-dır. Onların dəstəyi nəticəsində Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubadır. Azərbaycan alternativə əl atıb həmin hissəni İranla əvəz etdi. Ermənistan bu formatda iştiraka məhkumdur. Çünki belə olmasa, həmin ölkə iqtisadi cəhətdən daha da çökəcək. İrəvanın qonşuları ilə əməkdaşlıqdan başqa çarəsi yoxdur. Onun regiondan kənar oyunçuları prosesə cəlb etmək imkanları tam məhduddur və fayda vermədi”.
Məhəmmədəli QƏRİBLİ