Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib
Prezident İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub və bu səfərin əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlanıb, bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.
Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib. Artıq 20 ildir fəaliyyət göstərən Azərbaycanla Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulanıb.
Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.