Qafqazın ən böyük Günəş stansiyası Azərbaycanda tikildi...
Vüqar Bayramov: “...Azərbaycan üçün “yaşıl enerji” sahəsində ixrac imkanları deməkdir”
Bu gün dünyada “yaşıl enerji” istehsalı çox böyük prosesə çevrilib. Azərbaycanda da “yaşıl enerji”nin istehsalı üçün çoğrafi şərait, təbii resurslar mövcuddur. Azərbaycan uzun müddətdir ki, “yaşıl enerji”yə keçid istiqamətində geniş tədbirlər həyata keçirir.
2023-cü ildə Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük Günəş elektrik stansiyası istifadəyə verilib və bu cür yeni stansiyaların tikintisi davam edir. Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası istiqamətində mühüm işlər görülür.
Azərbaycanda 2023-cü ildə də Qafqazda və Mərkəzi Asiyada 230 meqavat gücündə ən böyük Günəş elektrik stansiyası istifadəyə verilməsi mühüm hadisə oldu. Bu cəhətdən bölgənin ən öndə gedən ölkəsi olmaq Azərbaycana nə qazandırır?
“Bu, Azərbaycanın bütövlükdə ətraf mühitin qorunması, “yaşıl iqtisadiyyatın” dəstəklənməsi istiqamətində mövqelərini daha da gücləndirəcək”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində “Azərbaycanın Günəş enerjisi istehsalı bu ilin iki ayı ərzində 6 dəfə artıb. 50, 2 meqavatdan artıq günəş enerjisi istehsal olunub. Bu da ondan xəbər verir ki, bərpa olunan mənbələrdən enerji istehslında artımlar var. Təbii ki, bu artımlar nəticə etibarı ilə Azərbaycan üçün bir tərəfdən 2030-cu ilə qədər olan hədəflərə nail olunması aspektindən vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir, digər tərəfdən, bu həm də Azərbaycan üçün “yaşıl enerji” sahəsində ixrac imkanları deməkdir”-deyə bildirdi.
V.Bayramovun sözlərinə görə, gözlənilir ki, artıq Azərbaycan 2027-ci ildən etibarən Avropa İttifaqına öz “yaşıl enerji”sini çıxaracaq. Millət vəkili vurğuladı ki, “yaşıl enerji” ixracatının artırılması da Azərbaycan üçün həm də iqtisadiyyatın şaxələndirilməsi enerji ixracatının strukturunun keyfiyyətcə dəyişilməsi baxımından vacib addımdır. “Eyni zamanda Azərbaycan COP29-a ev sahibliyi edəcək bir ölkədir. Əslində bu onu göstərir ki, COP29-a ev sahibliyi edəcək Azərbaycan həm də “yaşıl zonanın” yaradılmasını dəstəkləyən ölkələrdəndir. Qarabağda və Şərqi Zəngəzurda artıq “yaşıl zonanın” yaradılması ilə bağlı işlər davam etdirilir, digər bölgələrimizdə alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalmaqdadır. Ona görə də, bu Azərbaycanın, bütövlükdə ətraf mühitin qorunması, “yaşıl iqtisadiyyatın” dəstəklənməsi istiqamətində mövqelərini daha da gücləndirəcək”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA