Azad edilmiş ərazilərdə bir gündə 4 nəfər minaya düşdü - Tərtər və Ağdamda…
“Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub”
Tərtərdə mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Belə ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrah-həkimi Mübariz Mahmudov KİV-ə bildirib ki, mina partlayışı nəticəsində xəsarət alan 3 nəfərdən birinin hər iki ayağı amputasiya edilib.
"Onlardan İsmayılov Polad Alış oğlu, Tağızadə Arzuman Əhliman oğlu, Bağırov Elmin Elnur oğlu. Tağızadə Arzuman və Bağırov Elmin Bərdə rayon mərkəzi xəstəxanasına göndərilib. Onlardan birinin hər iki ayağının travmatik amputasiyası, Arzumanın isə sağ bazu sümüyünün sınığıynan göndərilib. Tərtər rayon cərrahiyyə şöbəsində isə İsmayılov Polad üzün, sağ döş qəfəsinin, sağ yuxarı ətrafın çox saylı qəlpə yarası diaqnozu ilə müalicəyə cəlb olunub", - cərrah-həkim qeyd edib.
Eyni gündə Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində ANAMA əməkdaşı minaya düşüb.
Ağdam rayon prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.
Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, XİN-dən bildirilib.
ZÜMRÜD