Pensiyada orta olma müddəti Türkiyədə 19 il, bizdə cəmi 9 ildir...
Firdovsi Şahbazov: “Yanlış pensiya siyasəti ölkəmizin bu sahədə ən sonuncu yerdə qərarlaşmasına səbəb olub”
Azərbaycanda orta ömür müddəti ilə pensiya yaşı arasındakı fərq 9,1 ilə (gözlənilən pensiya ödənişi müddəti) bərabərdir. Birləşmiş Millətlər Təşkilatının açıqladığı məlumatlara görə, 2024-cü ildə Azərbaycanda orta ömür müddəti 73,5 ilə bərabərdir. Pensiya yaşı isə bu ilin yanvar ayının 1-nə 64,3-ə (qadınlarda 63,5 yaş, kişilərdə 65 yaş) bərabər olub.
Məlum olub ki, hazırda region ölkələrində gözlənilən pensiya ödənişi müddətinin ən uzun olduğu ölkə Türkiyə (19,7 il) hesab olunur. Bu ölkədə orta ömür müddəti 78,7 ilə, pensiya yaşı isə 59 yaşa (qadınlar 58 yaş, kişilər 60 yaş) bərabərdir. Azərbaycan 9 region ölkəsi arasında ən sonuncu yerdədir. Məsələn, İranda pensiyaya çıxan orta hesabla 19 il pensiya alır, Azərbaycanda isə 9,1 il. Belə olan halda Azərbaycanda pensiya yaşını 65-ə çatdırmağa dəyərdimi?
“Azərbaycanda orta ömür aşağı düşürsə, o zaman buna müvafiq olaraq pensiya yaşı da aşağı salınmalıdır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, yanlış pensiya siyasəti Azərbaycanın bu sahədə ən sonuncu yerdə qərarlaşmasına səbəb olub: “2017-ci idə pensiya yaşının uzadılması ilə bağlı qərar veriləndə bir sıra məsələlər hərtərəfli nəzərə alınmadı. Xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdə daha çox yanlışlığa və doğru olmayan hesabıamalara əsaslandı. 2017-ci illə müqayisədə hazırda Azərbaycanda pensiya ödənişinin orta müddəti 3,5 il azalıb. Çünki 2017-ci ildən sonra Azərbaycanda həm kişilərin, həm də qadınların gözlənilən orta ömür uzunluğu azalıb. Halbuki, həmin il “Əmək pensiyaları haqqında” qanuna dəyişikllik edilərək pensiya yaşının artırılmasının əsas səbəblərdən biri kimi ölkədə orta ömür müddətinin artması göstərilirdi. Dövlət Statistika Komitəsinin 2021-ci il üçün açıqladığı sonuncu statistik məlumatlarda isə göstərilir ki, orta ömür uzunluğu kişilər üçün 71,3 yaşa, qadınlar üçün 75,9 yaşa düşüb. Pensiya yaşı isə, qeyd etdiyimiz kimi, kişilər üçün 65, qadınlar üçün 63 yaşa yüksəlib. Nəticədə Azərbaycanda gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 6, qadınlar üçün isə 13 il olmaqla 9,1 il təşkil edib. Ona görə də bütün məqamlar nəzərə alınmalı idi. Azərbaycanda orta ömür aşağı düşürsə, o zaman buna müvafiq olaraq pensiya yaşı da aşağı salınmalıdır. Müqayisə üçün qeyd edək ki, bəyənmədiyimiz Ermənistanda orta ömür 75,7-dir, pensiya yaşı isə 63. Başqa bir tərəfdən, Azərbaycanda hər il nə qədər insan pensiya yaşına çatmamış vəfat edir. O üzdən, pensiya yaşı aşağı salınmalıdır”.
Vidadi ORDAHALLI