ABŞ Ermənistan ordusuna hərbi müfəttişlər qrupu göndərdi...
Ramil Məmmədli: “Bu, Paşinyanın qorunmasına və Rusiyanın oradan sıxışdırılıb çıxarılmasına hesablanıb”
ABŞ hərbi mütəxəssisləri İrəvana gəliblər.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi özünün “Facebook” səhifəsində məlumat yayıb. Qeyd edilir ki, aprelin 1-də bir qrup amerikalı təlimatçı Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində İrəvana səfər edib. Təlimatçılar aprelin 1-dən 5-nə kimi Müdafiə Nazirliyinin inzibati kompleksində qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları və “Zinuj Media”nın işçiləri ilə təcrübə mübadiləsi aparacaqlar.
O da məlumdur ki, Ermənistanın yeni hərbi təxribatlara hazırlaşdığı barədə məlumatlar artıq təsdiqlənməyə başlayıb. Belə ki, rəsmi İrəvanın son vaxtlar konstruktiv mövqe tutmağa üstünlük verməsi daha çox aldadıcı manevr təsiri bağışlayır. 5 aprel görüşü yaxınlaşdıqca, Ermənistan Qazax rayonu istiqamətində sərhədə qoşun yığır. O baxımdan belə bir gərgin məqamda ABŞ hərbi təlimatçılarının Ermənistana gəlməsi nə deməkdir və nəyə hesablanıb?
“5 aprel görüşü ərəfəsində ABŞ hərbi mütəxəssislərinin İrəvana gəlməsi regionda gərginliyin artmasına xidmət edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, məhz indiki məqamda ABŞ hərbiçilərinin Ermənistana göndərilməsi bir neçə məqsədə hesablanıb: “Əvvəla, Ermənistan Rusiyanın patronu olduğu hərbi, iqtisadi bloklarda təmsil olunsa da, ABŞ-ın Cənubi Qafqazda ən böyük səfirliyi İrəvanda yerləşir. Bu, sıradan bir məqam deyil. Nəzərə alsaq ki, Ermənistan kiçik bir dövlətdir, o zaman o boyda səfirlik nəyə lazımdır? Məsələ ondadır ki, ABŞ-ın İrəvan səfirliyində işləyənlərin heç də hamısı diplomat deyil. Onların bir qismi hərbiçi və kəşfiyyatçılardan ibarətdir. Biz onu da nəzərə almalıyıq ki, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatıb. Məhz bu imkanlar hesabına 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Qərbə yaxın qüvvələr hakimiyyətə gəldi. Ermənistana ABŞ tərəfindən müxtəlif proqramlar çərçivəsində hərbi yardımlar Paşinyan hakimiyyətinin qorunmasına və Rusiyanın oradan sıxışdırılıb çıxarılmasına hesablanıb. Baxın, ötən ilin yayında ABŞ hərbçiləri ilə Ermənistan hərbi birləşmələri arasında birgə təlimlər keçirildi. Həmin hərbçilərin Ermənistanı tərk etməsi barədə məlumat yoxdur. Təlimlər yeni bitmişdi ki, Qarabağda bir günlük antiterror əməliyyatları keçirildi. Ümumilikdə, 5 aprel görüşü ərəfəsində ABŞ hərbi mütəxəssislərinin İrəvana gəlməsi regionda gərginliyin artmasına xidmət edir. Onsuz da münasibətlərdə gərginlik var. Belə bir şəraitdə məlum addım Ermənistanı bundan sui-istifadə etməyə sövq edə bilər. Yəni haradan baxsaq bu, regionda sülhə və sabitliyə xidmət etmir. Ancaq istənilən halda Ermənistan hansısa bir təxribata getsə, Azərbaycanın buna cavabı sərt olacaq”.
Vidadi ORDAHALLI