Problemli bank kreditləri yenə artır...
Kamran Məmmədli: “Problemli kreditlərin yenidən artmağa başlaması bank sektorunun köhnə qaydada çalışdığının göstəricisidir”
Bu il mart ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,3% artaraq 469,2 milyon manata yüksəlib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Nəzərə çatdıraq ki, Azərbaycanda bir neçə il öncə baş verən devalvasiyalar zamanı böyük həcmdə problemli kreditlər yarandı. Vətəndaşlar bu məsələdə ciddi çətinliklər yaşadığı üçün dövlət nəhayət bu yükü öz üzərinə götürdü, xeyli problemli kredit bağlandı.
Bu zaman bəyan edilmişdi ki, banklar növbəti illərdə kredit siyasətinə yenidən baxmalıdır. Lakin görünən budur ki, banklar ənənəvi qaydalarla çalışır, kredit faizləri yüksəkdir və bəzi bankların tamahkarlığı, kortəbii yanaşmaları nəticəsində problemli kreditlər yenidən artmaqda davam edir.
“Problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir, qiymət artımı gəlirlərə uyğun deyil”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, problemli kreditlər yalnız Azərbaycana xas olan cəhət deyil. İstənilən ölkənin bank sistemində problemli kreditlər var. Bu heç də bankların öz günahı deyil. Burada istər-istəməz obyektiv səbəblər də var: “Problemli kreditlərin yenidən artmağa başlaması sözsüz ki, yaxşı hal deyil. Bu, ölkədə bank sektorunun köhnə qaydada çalışdığının göstəricisidir. Yəni köhnə problemlərdən dərs çıxarılmayaraq yenidən eyni fəaliyyət həyata keçirilir və göstərilir. İstehlak kreditləri əvvəlkitək, bankların əsas gəlir mənbəyi sayılır. Banklar qeyri-neft sektorunu inkişaf etdirmək və ixracı artırmaq üçün real sektoru maliyyələşdirmək əvəzinə istehlak krediti paylayırdılar. İstehsalı və biznesi deyil, istehlakı kreditləşdirirdilər. Hazırda problemli kreditlərin həcmi o dövrdəki səviyyədə deyil”.
Həmsöhbətimizin sözlərinə görə, problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir. Qiymət artımı gəlirlərə uyğun deyil. Bu da problemli kreditləri artırır. Qiymət artdıqda vətəndaş maaşını daha çox xərcləyir, artıq krediti ödəyə bilmir. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Amma yaxın dövrdə buna nail olmaq mümkün deyil.
Günel CƏLİLOVA