Azsamand, Nazlifan, ardınca Lada - Azərbaycanda bu eksperimentin taleyi necə olacaq?..
Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib. Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir.
Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq: “2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər. Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”.
Məlumat üçün bildirək ki, ölkəmizdə “Lifan”, “FAW”, “Changan”, “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur. Ancaq bu avtomobillərin yerli əhali tərəfindən istehlakı çox cüzi faiz təşkil edir. Demək olar ki, bu nəqliyyat vasitələrinə tələb azdır, əhali xarici istehsal olan maşınlara üstünlük verir. 10 ildən çoxdur ölkəmizdə avtomobil istehsal olunsa da, həmin maşınlar anbarlarda qalır.
Maraqlıdır, Azərbaycanda istehsal olunacaq “Lada” maşınların taleyi necə olacaq? Onlar bazarda özünə yer tapacaq, yoxsa digər yerli istehsallar kimi anbarlarda qalacaq?
Fərid Həşimov: “Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yerli avtomobillərin ehtiyat hissələri xaricdən alınmamalı, yerli istehsal olmalıdır: “Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər. Düşünürlər ki, yerli istehsal brend deyil və müəyyən texniki problemlərlə üzləşə bilərlər. Vətəndaşlarımız yerli brendlərdən ona görə imtina edirlər ki, bir çox hallarda istədikləri dizayn və keyfiyyət tam olaraq bu avtomobillərdə olacaq. Ona görə də yerli zavodlar istehsalçıdan daha çox yığma qurum kimi fəaliyyət göstərirlər. Yerli istehsal olan maşınlara təlabatın artması üçün qiymətlərə fikir verilməlidir. Bu nəqliyyat vasitələri aşağı qiymətlərlə təklif olunmalıdır. Belə olarsa alıcı xarici maşınlara deyil, yerli istehsala üstünlük verər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Lada maşınları özünü doğrulda bilər. Çünki bu maşına hər zaman təlabat olub: “Onu da deyim ki, Azərbaycanda utilizasiya prosesi başlayıb. İnsanların ucuz və sərfəli avtomobillər əldə etməsi üçün belə bir addım əslində məqsədəuyğun olar. Çünki ölkəmizdə “Lada” istehsalı başlayarsa insanlar yerli bazardan bu modeldə daha ucuz və yeni avtomobillər əldə edə bilər”.
Asif İbrahimli: “Qiymət baxımından bir çox müştəri üçün “Lada” avtomobilləri uyğun seqment hesab olunur”
İqtisadçı-ekspert Asif İbrahimli hesab edir ki, Rusiyanın ən böyük istehsalçılarından biri olan “AvtoVAZ” şirkətinin də Azərbaycanda belə bir təşəbbüs göstərməsi heç də təəccüb yaratmamalıdır: “Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsi nəticəsində Rusiya məhsullarının, o cümlədən avtomobillərinin bir çox ölkəyə çıxışı məhdudlaşdırıldı. İstehlakçılar arasında başlıca Avropa ölkələrinin istehsal etdiyi avtomobillərə daha çox üstünlük verildi. Ancaq qiymət baxımından bir çox müştəri üçün “Lada” avtomobilləri uyğun seqment hesab olunur. Bu baxımdan təkmilləşdirmə işləri aparıb Azərbaycandan bu avtomobillərin satışını həyata keçirmək optimal variant sayılır. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatına faydası olacaq. Hər şeydən öncə belə bir avtomobil zavodunun ölkədə qurulması yeni iş yeri deməkdir. Hansı regionda açılacaqsa, həmin regionun inkişafına ciddi töhfə verəcək addımdır. Digər tərəfdən həmin zavodda təkcə avtomobil deyil, ehtiyat hissələrinin də bazasıdır. Nümunə üçün qeyd edim ki, Özbəkistanda “Daewo” zavodu açıldıqdan sonra akumlyator və təkər istehsalı da başladı. Bu baxımdan belə bir təşəbbüsün Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcəyini düşünürəm”.
Günel CƏLİLOVA