Mirzoyandan Ermənistanın NATO-ya üzvlük planları ilə bağlı açıqlama...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin hazırda NATO-ya üzvlüyü planlaşdırmadığını bildirib. Trend xəbər verir ki, Mirzoyan bu barədə "Todo Noticias" portalında dərc olunan müsahibəsində deyib.
O, Ermənistanın artıq NATO ilə əməkdaşlıq etdiyini və İttifaqa üzvlüyün ölkənin gündəmində olmadığını açıqlayıb.
"Avropa İttifaqı ilə bağlı deyə bilərəm ki, ermənilər Avropaya can atır və baş nazir Nikol Paşinyanın bu yaxında Avropa Parlamentində çıxışında dediklərindən sitat gətirmək istərdim. Onun sözlərinə görə, Ermənistan Aİ-yə onun mümkün hesab etdiyi və Ermənistana yaxın olmaq istədiyi qədər yaxın olmağa hazırdır", - deyə Mirzoyan qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova aprelin 5-də Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşünün Rusiyada narahatlıq doğurduğunu bildirib.
Zaxarova qeyd edib ki, bu cür görüşlər əksər region ölkələrində narahatlıq doğurur, çünki Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da irəliləməsinə, orda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcud mexanizmlərin sarsılmasına yönəlib.