Azərbaycandakı qədər kütləvi məzarlıq xristian ölkələrində tapılsaydı... Erməni cinayətləri sükutla qarşılanır....
Azər Həsrət: “Beynəlxalq təşkilatlar, dünya dövlətləri bilməlidir ki, Azərbaycan erməni cinayətləri deyəndə boş söz demir”
Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım həyata keçirib. Xocalı soyqırımından əvvəl ən dəhşətli faciə Xocavənd rayonu ərazisində olub. Ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan Qaradağlı, Malıbəyli soyqırımını və Axullu, Tuğ, Salakətin, Edilli kəndlərində dəhşətli cinayətlər törədib. Xocavəndin kəndlərində faciəli günlər 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk günlərdən başlayıb.
Ermənilərin törətdiyi cinayətlərə dünya hələ də susur, genosid kimi tanımır. Hansısa Avropa ölkəsində bu qədər kütləvi məzarlıq aşkarlansa idi, onlar dünyaya səs salardılar. Ancaq hələ də ermənilərin törətdiyi zülmlərə göz yumulur və bu hadisələr genosid kimi tanınmır.
“Azərbaycan bütün dünyanın gözü önündə kütləvi məzarlıq aşkar edir, ermənilərin törətdiyi cinayətləri faktlarla sübut etsə də…”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, azərbaycanlılara qarşı Qərb dünyasında ikiüzlülük müşahidə olunur. Ermənilərlə bağlı məsələdə Qərb dövlətləri bizə qarşı sərt münasibət göstərir: “Onlar haqlı olmadıqlarını bilir, ancaq yenə də öz bildiklərini edirlər. Beynəlxalq təşkilatlar, dünya dövlətləri bilməlidir ki, Azərbaycan erməni cinayətləri deyəndə boş söz demir. Təəssüflər olsun ki, dünya ermənilərə inanır. Onlar iddia edir ki, guya 1915-ci ildə Osmanlı imperiyası tərəfindən milyon yarım erməni soyqırıma məruz qalıb. Ermənilər bunu dünyaya tirajlamaqla məşğuldur. Ancaq bir dənə də olsun kütləvi məzar aşkar edib dünyaya göstərə bilmir. Buna baxmayaraq, dünya dövlətləri ermənilərə inanmaqda davam edir. Azərbaycan isə bütün dünyanın gözü önündə kütləvi məzarlıqlar aşkar edir, ermənilərin törətdiyi cinayətləri faktlarla sübut etsə belə, bizə şübhə ilə yanaşılır. Bu səbəbdən də hesab edirəm ki, erməni cinayətlərinin sübutu aşkar olunduqca, onu dünyaya, erməni havadarlarına çılpaq faktlarla təqdim etmək lazımdır”.
Günel CƏLİLOVA