Avroittifaqın Ermənistandakı missiyasına ABŞ və Norveç hərbçiləri də qatıldı...
Elşad Musayev: “Ciddi gərginlik müşahidə olunacaq və qarşıdurma risqi artacaq”
“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO missiyasına çevrilir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən Avroittifaq missiyasını Ermənistana dəvət edib: “Paşinyan həmin vaxt Azərbaycana bunun cəmi 2 ay olacağını vəd edirdi. Lakin 2 aydan sonra Aİ Azərbaycana məhəl qoymadan bu missiyanı ikiqat artırdı. İndi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər”.
Bütün bu deyilənlərin fonunda, Ermənistandakı Aİ missiyasının NATO missiyasına çevrilməsi nə dərəcədə böyük təhlükədir?
“Aydın görünür ki, Rusiya İrəvanın Cənubi Qafqazı qan gölünə çevirmək istəyindən çox ciddi narahatdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev buna bir neçə prizmadan yanaşdı: “Aydın görünür ki, Rusiya bölgədə baş verən hadisələrdən, yəni Ermənistanın Cənubi Qafqazı qan gölünə çevirmək istəyindən çox ciddi narahatdır. Xarici ölkələrin, xüsusi xidmət orqanlarının, hərbiçilərin sülhməramlı missiya adı altında bu bölgədə yerləşdirilməsindən narahatdır. Eyni zamanda Rusiyanın özünün bölgədən sıxışdırılması planlarından narahatdır. Məsələ ondadır ki, Ermənistan dövlətinin yaradılmasında, Azərbaycan ərazisi hesabına genişləndirilməsində Rusiyanın böyük rolu var. Ermənistan dövlətinin mövcudluğu birbaşa Rusiya ilə bağlıdır. Ancaq dövr, zaman gəldi və ermənilər növbəti dəfə öz hamilərinə xəyanət etdilər. Rusiya da bunu görür və bilir. Baxmayaraq ki, Rusiya son ana qədər əlini Ermənistandan çəkmək istəməyəcək və bu, aydın məsələdir. Ona görə də kimsə fikirləşməsin ki, rahatlıqla Ermənistan Rusiyanı öz ərazisindən çıxarıb orada NATO-nun və yaxud da Aİ-nun hərbiçilərini yerləşdirəcək. Hesab edirəm ki, bu belə olmayacaq. Rusiya buna ciddi mane olacaq. Bu, Rusiyanın mövqeyidir. Fikrimcə, proses belə davam edərsə, Ermənistanda istənilən qanlı hadisə baş verə bilər. O cümlədən, ayrı-ayrı ölkə hərbiçilərinin regiona gəlməsi və Ermənistanda toplanması Azərbaycanın maraqlarına uyğun deyil. Biz də buna qarşıyıq, qardaş ölkə olan Türkiyə də buna qarşıdır. Ona görə də ciddi gərginlik müşahidə olunacaq və qarşıdurma risqi artacaq. Təbii ki, Azərbaycan və Türkiyə öz maraqları prizmasından çıxış etməlidilər. Çünki Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi bizə sərf edir. Qərblə Rusiya arasında region uğrunda mübarizə isə gözlənilən idi. Bir sözlə, çox ciddi hadisələrin baş verəcəyi gözlənilir. Sadəcə, biz təmkinli, ağıllı davranmalıyıq və prosesi öz maraqlarımıza uyğun yönəltməliyik. Düşünürəm belə də olacaq”.
Vidadi ORDAHALLI