Xocalıya ilk köçün əks-sədası başqa cür olacaq...
Səbuhi Məmmədov: “Xocalıya böyük köçün başlayacağı gün uzaqda deyil”
Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. Bu barədə media nümayəndələrinə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
Hazırda Xocalı sakinləri böyük sevinclə öz yurdlarına geri qayıdacağı günü gözləyir.
“Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyir”
Xocalı rayon sakini, müəllim Səbuhi Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Xocalıya böyük köçün başlayacağı gün uzaqda deyil. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentimizin tapşırığı ilə böyük miqyaslı quruculuq-tikinti işləri aparılır. Görülmüş işlər biz xocalılıları ürəkdən sevindirir, öz doğma ata-baba yurdumuza qayıdacağımız günü daha da yaxınlaşdırır”.
S.Məmmədovun sözlərinə görə, bu il artıq həsrəti bitənlərin köç karvanları Xocalıya, Xankəndiyə istiqamət götürəcək. İllər sonra əsl sahibləri əzəli torpaqlarına əbədi qayıdacaq və Xocalı göylərində dolaşan şəhid ruhları da əbədi rahatlığa qovuşacaq!
O xatırladıb ki, erməni silahlı birləşmələri Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edib. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib: “Rəşadətli Ordumuz üç il əvvəl Qarabağı düşməndən azad edib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qisası alınıb. Xocalı sakinləri artıq doğma torpaqlarına qovuşacaqlar. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər”.
Günel CƏLİLOVA