"Novostroyka" sahibləri də parklanma qiymətlərini qaldırdı...
Niyazi Əliyev: “Yaşayış binalarının zirzəmilərində parkinq qiymətlərinin artması ümumi qiymət artımının təsiridir”
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Qiymət artımı tək parklanma məntəqələrində deyil, çoxmənzilli yaşayış binalarının zirzəmilərində də müşahidə olunur.
Yeni tikili binalarda yaşayan sakinlər bununla bağlı narazılıq edir. Onlar qeyd edir ki, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır.
“Vətəndaşlardan parklanma üçün alınan vəsait rəsmi qaydada yığılmır və sənədlə təsdiq olunmur”
Əmlak məsələləri üzrə ekspert Niyazi Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaşayış binalarının zirzəmilərində parkinq qiymətlərinin artması ümumi qiymət artımının təsiridir: “Görürlər şəhərdə parkinq qiymətləri qalxıb, onlar da qiyməti qaldırır ki, “hər yerdə qiymət qalxıb, niyə biz az alaq? Onu da deyim ki, vətəndaşlardan parklanma üçün alınan vəsait rəsmi qaydada yığılmır və sənədlə təsdiq olunmur. Vətəndaş kirayə pullarını komendata ödəyir. Bəzi binalar daxili ciddi hesabat blankları (daxili kassa çekləri) işləyir. Lakin belə işləyənlərin sayı çox azdır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, binanı tikən şirkət həmin parklanma yerlərini satmaq və ya icarəyə vermək hüququna malikdir. Qanunla şirkət binanı özü üçün tikir, sonra isə fərdi şəkildə satır. Binalarda qanunla ümumi istifadəyə aid olan sahələr var: “Binanın həyətyanı sahəsi, binanın zirzəmisində kommunikasiya xətlərinin keçdiyi ərazilər ümumi istifadədə olan sahələrdir və şirkət bu yerləri sata bilməz. Bina tikintisi ilə bağlı qanunvericilikdə çox qarışıq məsələlər var. Qanuna görə, ümumiyyətlə binanın zirzəmisi texniki mərtəbə hesab edilir və kommunikasya xətlərinin keçməsi üçün nəzərdə tutulur. Amma MTK həmin ərazini qaraj edir və kommunikasiya xətləri o qarajın içindən keçir. Şirkətlər həmin yer üçün çıxarış da alırlar”.
Həmsöhbətimiz hesab edir ki, çoxmənzilli yaşayış binalarının zirzəmilərində parkinq qiymətinin artması binaların qarşısında park edilən avtomobillərin sayının artmasına səbəb olacaq. Beləliklə, yaşayış məhəllələrində, yollarda tıxac yaranacaq.
Günel CƏLİLOVA