"Rusiya və Qərbin əməkdaşlıq edəcəyi sahə qalmayıb" - Lavrov
Rusiya-Qərb münasibətlərində, o cümlədən, terrorizmlə mübarizə üzrə işgüzar təmaslar və əməkdaşlıq edəcəyi sahə, demək olar ki, qalmayıb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya səfirlikləri Moskvada olan vətəndaşlarını xəbərdar edərək, onları kütləvi tədbirlərdə iştirak etməməyə çağırıb.
"Xüsusi xidmət orqanlarının xətti ilə təmaslar bir qayda olaraq anons edilmir", - deyə Lavrov bildirib.
Lavrov qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov bu yaxında verdiyi müsahibədə bu cür təmasların olduğunu, lakin çox ümumi xarakter daşıdığını deyib.
Rusiya XİN rəhbəri qeyd edib ki, terrorizmlə mübarizə ənənəvi olaraq Rusiyanı Qərb və Şərqlə yaxınlaşdıran sahələrdən biri hesab olunub.
"ABŞ və Böyük Britaniya tez-tez bəyan edirdi ki, siyasi və iqtisadi fikir ayrılıqlarına baxmayaraq, bu mübarizə aparılmalıdır. Lakin Moska Avropa İttifaqı liderlərini terrorizmlə mübarizə üzrə məlumat və koordinasiya mübadiləsi üçün mexanizm formalaşdırmağa razı salmağa çalışanda Aİ Rusiya ilə yaxınlaşmadı. Bu məsələ ilə bağlı sonuncu görüş 2019-cu ildə keçirildi, bundan sonra onların marağı itdi", - deyə nazir əlavə edib.