Ermənistanda vəziyyət “kölgə kabinetinin” yaradılmasını qaçılmaz etdi...
Əli Orucov: “Düzdür, Paşinyanın əvvəlki reytinqi xeyli aşağı düşüb...”
Martın 24-də Ermənistanda bir neçə siyasi fəalın saxlanılmasını şərh edən erməni politoloq Stepan Danielyanın fikrincə, ictimai quruluşu havadan asılı olan rejimin əsl aqoniyası siyasi gündəm, siyasi diskurs formalaşan zaman başlayacaq və müsbət nəticələr verəcək.
O iddia edib ki, kölgə kabineti açıqlanmalıdır ki, cəmiyyət hansı siyasi qüvvənin arxasınca getdiyini bilsin: “Bu gün cəmiyyət parçalanıb, bir-birinə nifrət edən qruplara bölünüb. Cəmiyyətin sosial-siyasi barışığı problemini həll etmək lazımdır. Bundan əlavə, siyasi qüvvələr nazirlərin kölgə kabinetini ictimaiyyətə açıqlamalıdır ki, insanlar dəyişikliklər zamanı hakimiyyətə kimin gələcəyini, xarici siyasəti necə quracaqlarını bilsinlər”.
Danielyan qeyd edib ki, fərdlər siyasi qüvvə deyillər, söhbət siyasi ambisiyaları olan qruplardan və ya təşkilatlardan gedir. O kəslərdən ki, gələcəkdə ölkəyə rəhbərlik etmək üçün müəyyən qaydalar formalaşdırmalıdırlar.
Gör ölkədə vəziyyət nə yerə gəlib çatıb ki, Ermənistanda kölgə kabineti yaratmaqdan söhbət gedir.
“Ancaq bu o demək deyil ki, ölkədə hakimiyyət dəyişikliyi üçün ciddi zəmin formalaşıb”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov buna birmənalı yanaşmadı: “Düzdür, Paşinyanın əvvəlki reytinqi xeyli aşağı düşüb. Anklav olmayan 4 kəndin qaytarılması məsələsi gündəmdə olmayanda belə, aparılan sorğular zamanı Nikolun reytinqinin aşağı düşməsini sorğular təstiqləyirdi. Ancaq bu o demək deyil ki, ölkədə hakimiyyət dəyişikliyi üçün ciddi zəmin formalaşıb. Çünki ölkədə Paşinyan hakimiyyətini əvəz edə bilən ciddi üçüncü qüvvə formalaşmayıb. Məsələ ondadır ki, Ermənistanda parlament müxalifətinə stavka olunmur. Ona görə ki, erməni cəmiyyətində onlar Rusiyanın agenti hesab edilir. Bu səbəbdən həmin qüvvələr marionet müxalifət hesab olunur. Paşinyana qarşı müxalif mövqedən çıxış edən Qərpərəst müxalifət isə elektoral baxımından çox zəifdir. Qərbpərəst qüvvələr Paşinyanın komandasında təmsil olunur. Üstəlik, Ermənistanın Avropa İttifaqına haçansa üzv olacağı illüziyaları cəmiyyətdə müəyyən ümidlər yaradıb. Xüsusən də Gürcüstanın ötən il Aİ-yə namizəd statusu alması erməniləri ümidləndirir. Ona görə də Stepan Danielyanın kölgə kabineti ilə bağlı səsləndirdiyi fikirlər real görünmür. Üstəlik, Ukrayna müharibəsi fonunda Rusiyanın Ermənistana təsir imkanları xeyli zəyifləyib. Erməni cəmiyyəti revanşist qüvvələrin yenidən hakimiyyətə gəlməsini istəmir. Ona görə də bu qüvvələrin ən azından yaxın perspektivdə hakimiyyətə gəlmələri mümkün görünmür”.
Vidadi ORDAHALLI