Moskvanı qana boyayan terrorçular yaxalandı... - "Ukrayna ilə təmasları olub"
“Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı ilə əlaqədar 11 nəfər, o cümlədən 4 terrorçu saxlanılıb. Bu barədə Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Putinə məruzə edib.
Rusiya FSB-nin yaydığı açıqlamada hücumda bilavasitə əli olan 4 terrorçu da olmaqla 11 nəfərin saxlanıldığı, terrorçuların əlaltılarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Açıqlamada hücumun diqqətlə planlaşdırıldığı və hücum edənlərin Ukrayna sərhədinə doğru qaçmağa çalışdığı vurğulanıb. "Terror aktından sonra cinayətkarlar Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Onların Ukrayna tərəfində təmasları olub" - açıqlamada deyilir.
Rusiya mediası isə yazır ki, terror hücumunda şübhəli bilinən şəxslərdən biri bu işə görə ona 500 min rubl vəd edildiyini etiraf edib. Saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.
Medianın məlumatına görə, saxlanılan şəxslər Rusiya vətəndaşları olan taciklərdir.
Rusiya mətbuatı hücum edənlərin yaxşı təlim keçmiş əsgərlər olduğunu yazıb. Terrorçuların silahla işləməsi, manevr qabiliyyəti və yaxşı nişan almalarına diqqət çəkilib.
TAHİR