Qubad İbadoğlu Azərbaycana bu missiya ilə göndərilmişdi - uğursuz oldu..
Son vaxtlar Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışırlar. Qərb dairələri xüsusilə Qubad İbadoğlunu "vicdan məhbusu" kimi sırımağa və beynəlxalq ictimai rəydə Azərbaycan haqqında "siyasi məhbusların" olduğu, azadlıqların boğulduğu bir ölkə imici formalaşdırmağa çalışırlar.
Amma istintaqın ortaya qoyduğu faktlar başqa mətləblərdən xəbər verir. Əslində Q.İbadoğlu Azərbaycan qanunlarını pozub və barəsində Azərbaycanın müvafiq hüquqi qurumları tərəfindən istintaq başladılıb. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham edilir.
Q.İbadoğlu neçə illərdir ki, müxtəlif ölkələrdə yaşayaraq anti-Azərbaycan qüvvələrin himayəsi altında Azərbaycanın milli mənafeyinə, dövlətçilik maraqlarının əleyhinə fəaliyyətlə məşğul olub. Q.İbadoğlu Qərb dairələrinin Azərbaycanda ictimai rəyi çaşdırmaq və vəziyyəti gərginləşdirmək üçün istifadə etdiyi vasitəyə çevrilib. Təsadüfi deyil ki, onun çıxışları Azərbaycana qarşı xaricdən səsləndirilən bəyanatlar, açıqlamalarla demək olar ki, eynilik təşkil edib. Qərb dairələrinin himayəsində olan bu cür insanlar ölkəyə xəyanət yolu tutaraq hətta 44 günlük Vətən müharibəsi zamanı belə Azərbaycanın dövlətçilik mənafeyinə zərbə vurmağa çalışıblar.
Bütün bunlar o insanların öz mənafeləri naminə dövlətə xəyanət, qrant dəllalığından tutmuş hər şeyə əl atdıqlarını göstərir.
Qubad İbadoğlu Qərbdən böyük qrantlar alıb, bu layihələr isə qanun pozuntuları ilə icra olunub, vəsaitlər başqa istiqamətə yönəldilib. O, Azərbaycanda siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaq istiqamətində tapşırıqlar alıb. Uzun müddət xarici ölkələrdə anti-Azərbaycan fəaliyyəti göstərərək ciddi cəhdlə ölkəmizə qarşı yaradılan təhdidlərdə fəal iştirak edən Q.İbadoğlu xüsusi tapşırıq əsasında Azərbaycana gələrək öz əməllərini burada da davam etdirməyə çalışıb. Guya o, müxalif qrupların konsolidasiyasına və vahid cəbhə formasında fəaliyyətə başlamasına nail olmalı idi. Qərbdən ötürülən qrantlar əsasında dağıdıcı şəbəkə qurulması, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, bu günə kimi əldə olunmuş uğurların itirilməsi üçün planlı fəaliyyət göstərilməli idi.
Digər tərəfdən, Qubad İbadoğlunun FETÖ terror təşkilatı ilə əlaqələri, bu təşkilatın rəhbəri Fətullah Gülənin dəstəyi ilə ABŞ və İngiltərədə müxtəlif fəaliyyətlərə cəlb olunması haqqında da Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər təkzibolunmaz sübutlar var.
Belə ki, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə həmin FETÖ əlaqələrinin olmasını təsdiq edib. Məhz həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb və iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlandıqdan sonra İbadoğlu saxlanılıb.
Digər tərəfdən, Q.İbadoğlu ABŞ-da FETÖ-nun geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib, onlarla geniş əlaqələr qurub.
Ekspertlər hesab edir ki, xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrində hər zaman qalib kimi irəli çəkilən Q.İbadoğlunun bir müddət xaricdə fəaliyyət göstərməsi də məhz anti-Azərbaycan fəaliyyətinə görə verilən mükafatların sayəsində mümkün olub.
Yəni bütün bunlar onu göstərir ki, onun qarşısına missiya qoyulmuşdu və o missiya da artıq ifşa edildi. Və bununla əslində Qərbin nəzarətində olan anti-Azərbaycan şəbəkənin iç üzü açıldı.
Bu gün onun saxlanılması ilə bağlı xaricdəki müəyyən dairələrin narahatlığı ilk növbədə özlərinin sədaqətli icraçısının itirilməsi ilə bağlıdır. Həmin xarici dairələr uzun müddət Q.İbadoğlu ilə işləyiblər və onu təlimatlandırıblar. Bu gün isə artıq o planlar pozulub. Buna görə, müəyyən Qərb dairələri beynəlxalq ictimai rəydə Azərbaycanı qaralamağa, barəsində azadlıqların boğulduğu bir ölkə imici formalaşdırmağa çalışırlar.
Görünür, Azərbaycanın, BMT TŞ qətnamələrini təkbaşına icra edib öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqaza sülh gətirməsi və regionun lideri ölkəsinə çevrilməsini həzm edə bilmirlər.
Əli TURABOV