Rusiyalı siyasətçi Makronu hədələdi - Ukraynaya göndərilən bütün fransız əsgərlərini öldürəcəyik
Fransa prezidenti Makronun Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamaları ölkələr arasında münasibətləri daha da gərginləşdirib. Rusiya Dumanın sədr müavini Pyotr Tolstoy Makronun açıqlamalarını sərt tənqid edib və Fransanı hədələyib.
Makronun "Ukraynaya dəstək məsələsində sərhəd tanımadığı" ifadəsinə toxunan Tolstoy, "Onun fikri bizi maraqlandırmır. Bizi Makronun dedikləri və ya sərhədləri ilə maraqlandırmır. Bizə gələn Ukrayna ərazisinə gələn bütün fransız əsgərlərini öldürəcəyik, hamısını" deyib.
Tolstoy bildirib ki, Ukraynada 13 min muzdlu əsgər var və onlardan 367-si fransızdır. Ukraynada 147 fransız muzdlunun öldürüldüyünü iddia edən Tolstoy deyib ki, “hamısını öldürəcəyik, narahat olmayın”.
Öz əsgərləri ilə Odessaya gəlmək istəyən fransızların 3-cü Dünya Müharibəsini başlatmağa çalışdıqlarını deyən Tolstoy bildirib ki, fransız əsgərlərinin Ukraynaya göndərilməsi ideyası Orlidə (Paris hava limanı) Fransa bayrağı ilə örtülmüş tabutlarla sona çatacaq.
Qeyd edək ki, fevralın 26-da Fransanın ev sahibliyi etdiyi Ukraynaya dəstək konfransının bağlanışında çıxış edən Fransa prezidenti Makron Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini deyib. Buna nail olmaq üçün “hər şey mümkündür” mesajını verən Makron bildirib ki, Ukraynaya qoşun göndərilməsi mümkün variantlardan biri kimi istisna edilməməlidir.
Makronun bu sözlərindən sonra avropalı siyasətçilər, NATO və Avropa İttifaqı (Aİ) bəyanatlarla çıxış edərək, Ukraynaya heç bir hərbi qüvvə göndərilməyəcəyini bildiriblər.
Daha sonra “Le Monde” qəzeti Makronun bəzi qonaqlar qarşısında “gələn il Odessaya hərbi qüvvə göndərməli olacaq” dediyini iddia edib.
Tahir TAĞIYEV