Rus siyasətçidən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - Heç bir telefon işləməyəcək, Android və iPhone-u söndürəcəklər...
Rusiya parlamentinin İnformasiya siyasəti komitəsinin sədr müavini Anton Qorelkin Ukrayna ilə davam edən müharibə şiddətlənəcəyi təqdirdə Apple və Google-un iPhone və Android cihazlarını bağlayacağını iddia edib.
''Bəzi ekspertlərin III Dünya Müharibəsi adlandırdığı bir müharibədən danışıram. Bu ssenaridə, məncə, Apple Rusiyadakı bütün iPhone-ları, Google isə Android telefonlarını söndürəcək" - deyə 42 yaşlı siyasətçi bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Qorelkin həmçinin bildirib ki, müharibə olacağı təqdirdə Rusiya texnologiya və proqram təminatı şirkətləri Qərb şirkətlərinə cavab tədbirləri həyata keçirəcəklər. Amma deputat cavab tədbirləri ilə bağlı detallı açıqlama verməyib.
Qorelkin Rusiyanı Qərb şirkətlərinin istehsal etdiyi telefon və ya proqram təminatına alternativ yarada bilmədiyi üçün də tənqid edib və bu vəziyyətin 5-10 ilə dəyişə biləcəyini bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Putin bazar günü deyib ki, onlarla NATO arasında birbaşa münaqişə “bizim III Dünya Müharibəsindən bir addım uzaqda olduğumuz anlamına gələcək”.
Ukrayna prezidenti Vladimir Zelenski də keçən ay verdiyi açıqlamada, Rusiya bir NATO ölkəsinə hücum edəcəyi halda III Dünya Müharibəsinin başlaya biləcəyini söyləmişdi.
Tahir TAĞIYEV