Fransa Ukraynaya qoşun yeridir - Makron NATO-Rusiya müharibəsini sürətlə yaxınlaşdırır...
Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeganə məqsədlərinin Rusiyanın müharibədə qalib gəlməməsi olduğunu ifadə edərək, müharibəyə müdaxilə edəcəklərini açıqlayıb.
Makronun Ukraynaya heç bir dəstək ehtimalını gözardı etməyəcəkləri ilə bağlı açıqlamalarından sonra Rusiya mətbuatı diqqətçəkən bir xəbər yayıb.
Rusiya KİV yazır ki, Fransa Ukraynaya qoşun yeridəcək. Xəbərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatı yer alıb. Narışkin Fransanın Ukraynaya göndərmək üçün hərbi birlik hazırladığını və ilk mərhələdə 2 min əsgərin göndəriləcəyini açıqlayıb.
“Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, artıq Ukraynaya göndərilmək üçün kontingent hazırlanır. İlkin mərhələdə kontingentin sayı təxminən 2 min nəfər ola bilər”, – deyə Narışkin qeyd edib.
Onun sözlərinə görə, Fransa hərbçiləri belə mühüm hərbi birləşmənin Ukraynaya diqqətsiz şəkildə köçürülə və yerləşdirilə bilməyəcəyindən qorxur: "Bu baş verərsə, hərbi birləşmələr Rusiya silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcək. Bu o deməkdir ki, Rusiya dünyasına qılıncla gələn bütün fransızların taleyini yaşayacaqlar".
Qeyd edək ki, bir müddət əvvəl də Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirib. Ancaq NATO, ABŞ, Britaniya kimi bir çox ölkə onun bu təklifinə qarşı çıxmış və belə bir variantın müzakirə edilmədiyini bildirmişdilər.
NATO baş katibi Stoltenberq deyib ki, alyansın Ukraynaya qoşun göndərmək planı yoxdur: "Nə NATO-nun özü, nə də onun NATO müttəfiqləri münaqişənin tərəfləri deyil".
Stoltenberq bildirib ki, hər hansı NATO ölkəsi Ukraynaya qoşun yeridərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki təşkilat üzvləri kollektiv müdafiə sazişinə sadiqdirlər.
Tahir TAĞIYEV