Brüsseldə Avroparlament üzvünün Azərbaycana qarşı qərəzli məruzəsi gündəlikdən çıxarıldı
Belçika Krallığının Brüssel şəhərində Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası keçirilir.
Azərbaycanı bu sessiyada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Soltan Məmmədov, Vüqar Bayramov, İltizam Yusifov, Razi Nurullayev və Nurlan Həsənov təmsil edirlər.
Enerji təhlükəsizliyi komitəsinin iclasında Avropa Parlamenti üzvünün məruzəsi Azərbaycana qarşı qərəz ifadə etdiyi üçün nümayəndə heyətimiz tərəfindən etirazla qarşılanıb. Avropa Parlamenti deputatı ilə aparılan görüşlər kompromis variant hazırlamaq üçün nəticə vermədiyindən məruzənin Azərbaycan nümayəndə heyəti tərəfindən tamamilə ləğvinə nail olunub.
Müzakirədə çıxış edən deputatlar Vüqar Bayramov, İltizam Yusifov və Razi Nurullayev enerji təhlükəsizliyi və yeni enerji infrastrukturlarının inşa edilməsində Azərbaycanın rolu, yaşıl enerjiyə keçidin vacibliyi, Azərbaycanda COP29 tədbirinin keçirilməsinin dünyaya verəcəyi töhfə haqqında fikirlər səsləndiriblər.
Azərbaycandan olan deputatların təklifi ilə növbəti iclas üçün məruzə olaraq “Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması” mövzusu seçilib.
ZÜMRÜD