Makronun məsuliyyətsiz ritorikası dünyanı nüvə müharibəsinə sürükləyir...
“Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq risqi daşıyır”. Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir: “Təəssüf edirik ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib. Londonda nüvə düyməsini necə asanlıqla basmağa hazır olduğumuzu da xatırlayırıq. Biz, həmçinin, Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük”. Bundan əvvəl də Rusiya dövlət başçısı Vladimir Putin açıq mətnlə bildirib ki, Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəni istisna etmək olmaz, lakin bu halda dünya heç kimin maraqlı olmadığı Üçüncü Dünya müharibəsinin bir addımlığında olacaq: “Düşünürəm ki, müasir dünyada hər şey mümkündür. Amma mən deyirəm və bu hamıya aydındır ki, bu, Üçüncü Dünya müharibəsinin tammiqyaslı başlamasının bir addımlığı olacaq. Məncə, çətin ki, kimsə bunda maraqlıdır”. Hər halda görünən odur ki, Qərb və Rusiya biri-biri ilə nüvə müharibəsi ehtimalını müzakirə edir. Xüsusən də prezident Vladimir Putinin Federal Məclisə illik müraciətindən sonra Qərb mətbuatında Rusiyanın Qərb qonşularına hücum etməyə hazırlaşdığı barədə xəbərlər yayılıb. Qeyd edək ki, Putin Federal Məclis qarşısında çıxışı zamanı bildirib ki, bütün strateji nüvə qüvvələri zəmanətli istifadəyə tam hazır vəziyyətdədir. Rusiya prezidenti vurğulayıb ki, 2018-ci ildəki müraciətində dedikləri hər şey edilib və ya bu iş tamamlanmaq üzrədir. Bu fonda BBC yazır ki, Rusiya öz rəhbəri vasitəsilə çağırışı qəbul etməyə və silahlanma yarışında iştirak etməyə hazır olduğunu bəyan edir. Qərb siyasətçilərinin Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı bəyanatlarına gəldikdə, hərbi ekspert və politoloq Yevgeni Mixaylovun fikrincə, bu mümkündür. Ancaq yalnız Qərbdən real təhlükə yaranarsa: “Moskva Qərb qoşunlarının Ukraynaya eyni müdaxiləsinə, eyni hədələrə cavab verməyə hazır olduğunu bildirir. Bəli, cavab verə bilərik. Və Vladimir Putin dedi ki, Rusiya olmadan sülh olmayacaq. Həqiqətən real təhlükə yaranarsa, nüvə zərbəsi endiriləcəyini vurğulayaraq dedi”.
Hadisələrin bu səpkidə inkişafını tətikləyən əsas tərəf isə Fransanın siyasətidir. Fransa prezidenti Emmanuel Makron “La Parisien” nəşrinə müsahibəsində bir daha qeyd edib ki, Fransa bir gün Ukraynada Rusiyaya qarşı hərbi əməliyyat keçirməli ola bilər, bu mümkündür: “Mən bunu istəmirəm, təşəbbüs də göstərməyəcəyəm, amma bəlkə də nə vaxtsa Rusiya qüvvələrinə qarşı durmaq üçün, nə olursa olsun, quru əməliyyatları tələb olunacaq. Biz bunu edə bilərik, Fransanın da gücü ondadır”. Jurnalistlərin Fransa Baş Qərargahının hər ehtimala qarşı ssenarilər hazırlayıb-hazırlamadığı sualına Fransa prezidenti müsbət cavab verib: “Bütün ssenarilərə hazırlaşmaq bizim borcumuzdur. Bunu etməmək səhv olardı”. Fransa prezidentinin sözlərinə görə, Rusiya bu müharibədə qalib gələrsə, fransızların da həyatı dəyişəcək və Avropada təhlükəsizlik arxitekturası dağılacaq. Makron vurğulayıb ki, son illərdə Putin bir neçə müharibə səhnəsində sabitliyi pozan qüvvəyə çevrilmək qərarına gəlib. O həmçinin qeyd edib ki, Fransa dünyada az sayda ölkənin malik olduğu nüvə potensialı ilə ilk növbədə fransızların təhlükəsizliyini təmin edir: “Biz özümüzü qorunan hiss etməliyik, çünki biz nüvə qüvvəsiyik. Biz hazırıq, bizim doktrinamız var. Nüvə məsələlərinə gəldikdə, bir neçə sözə ehtiyac var: bu, təhlükəsizlik alətidir. Bu, eskalasiyaya heç vaxt yol verməmək məsuliyyətini üzərinə qoyur”.
Tahir TAĞIYEV