NATO Ukraynaya Azərbaycandan daha çox yardım gözləyir...
Elşad Musayev: “Stoltenberqin istəyi odur ki, Azərbaycan humanitar sahədə Ukraynaya daha çox yardım göstərsin”
“Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Stoltenberqin fikrincə, Ukraynanın daha çox yardıma ehtiyacı var: “Əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynada vəziyyət olduqca ağırdır”.
Maraqlıdır, Stoltenberq “daha çox dəstəyə ehtiyac var” deməklə nə demək istədi? Bu, nəyə işarədir?
“Biz hərbi müstəvidə hansısa yardımlar etsək, bu, ölkəmiz üçün ciddi problemlərə gətirib çıxara bilər”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, indiki məqamda NATO Baş katibi Stoltenberqin Azərbaycana səfəri çox önəmli məsələdir. Stoltenberq Əliyevlə görüşündə bir sıra məsələlərlə bağlı mövqeyini bildirdi. Onun səfərini əsasən Cənubi Qafqaz səfərinin bir hissəsi kimi qəbul etmək lazımdır. Səfərin birinci Bakıdan başlaması isə Azərbaycanın regionda daha önəmli ölkə olmasından irəli gəlir. Stoltenberq NATO-Azərbaycan əməkdaşlığına toxundu. Eyni zamanda Ukrayna ilə bağlı məsələlərdə Azərbaycanın bu ölkəyə humanitar sahədə göstərdiyi dəstəyi qeyd etdi. Məlum olduğu kimi, Ukrayna NATO ölkələri tərəfindən hərtərəfli himayə olunur. Onlar çalışırlar ki, Ukraynaya dəstək göstərən ölkələrin sayı daha çox olsun. Görünən odur ki, Birləşmiş Ştatlardan Ukraynaya əvvəlki dəstək yoxdur. Konqres buna mane olur. Ona görə də NATO istəyir ki, digər ölkələr Ukraynaya daha çox dəstək versin. Stoltenberqin istəyi odur ki, Azərbaycan humanitar sahədə Ukraynaya daha çox yardım göstərsin. Ancaq Azərbaycan öz maraqları prizmasından məsələyə yanaşacaq. Onsuz da Azərbaycan Ukraynaya humanitar yardım göstərir. Digər tərəfdən? Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ancaq hərbi baxımdan Rusiya ilə toqquşmaq ölkəmizə sərf etmir. Yəni biz hərbi müstəvidə hansısa yardımlar etsək, bu, ölkəmiz üçün ciddi problemlərə gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, humanitar sahədə dəstək davam edəcək”.
Vidadi ORDAHALLI