Fransanın biabırçı "heykəllər siyasəti"...
Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktı rəsmi Paris tərəfindən hələ də araşdırlmır. Əslində, bu məsələnin Emmanuel Makron hakimiyyəti dövründə araşdırma predmeti olması da inandırıcı deyil. Çünki məhz Makron iqtidarı dövründə Fransada desrtuktivizm daha geniş xarakter alıb. Bu səbəbdən sonda Azərbaycan özü Natəvanın heykəlinə sahib çıxdı.
Qeyd edək ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bu mövzuya geniş toxunub: “Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi. Belə olan halda Azərbaycan heykəlin oradan təxliyə edilməsində israr edib. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”.
Natəvanın abidəsi ilə bağlı qalmaqal səngiməmiş, Fransa başqa bir vandalizm aktına bərabər addım atıb. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində “Fransada əlcəzairlilərə işgəncə verməkdə məşhur olan əsgərin xatirəsinə ucaldılan mübahisəli heykəl” sərlövhəli məqalə dərc olunub. Məqalədə fransız tarixçilərin Fransanın şərqindəki Tul bələdiyyəsinin 1950-ci illərdə Əlcəzair və Hind-Çində işgəncələrdən istifadə etməkdə tanınan desant polkovniki Marsel Biqardın heykəlini ucaltmaq qərarına kəskin etiraz etdikləri qeyd olunub. Yazıda diqqətə çatdırılıb ki, bu addım Əlcəzair və Fransanın müstəmləkə keçmişinin ağrısını aradan qaldırmağa və normal münasibətlər qurmağa çalışdığı bir vaxta təsadüf edir.
Səudiyyə nəşrinin yazdığına görə, Fransanın “histoirecoloniale.net” saytına müsahibə verən tarixçilər Fabris Riseputi və Alain Russio bildiriblər ki, Biqardın heykəlinin ucaldılması Fransanın müstəmləkə tarixi ilə fəxr etməsi deməkdir və bu addım əsla təqdir edilə bilməz. Həmçinin Fransanın "Histoire et Mémoire dans le Respect des Droits Hiumains" təşkilatı Tul bələdiyyəsindən tələb edib ki, Biqardın heykəlinin şəhər meydanında qoyulması layihəsindən imtina etsin. Məqalədə qeyd olunur: “Əlcəzair xalqının cəlladı Marsel Biqardın xatirəsini yad edən lövhələrin nəhayət ictimai yerlərdən yığışdırıldığı bir vaxtda Tul bələdiyyəsinin onun heykəlini ucaltmaq qərarı heç də doğru addım deyil. Bələdiyyənin səylərinə etirazları dəstəkləmək üçün fransalı tarixçilər Fabris Riseputi və Alain Russio 1957-ci ildə baş vermiş “Əlcəzair döyüşü” zamanı paraşütçü Biqardla bağlı Fransa arxivlərində yer alan işgəncə aktları siyahısında həbs edilmiş yüzlərlə əlcəzairlinin işgəncələrə məruz qaldığını və bu işgəncələrin birbaşa Hind-Çindən gələn desant polkovnikinin əmri ilə yerinə yetirildiyini müəyyən ediblər. Biqardın göstərişi ilə işgəncələrə məruz qalan “Əlcəzair döyüşü”nün ən məşhur liderləri arasında 23 fevral 1957-ci ildə həbs edilən qəhrəman şəhid Məhəmməd Larbi Ben Mehdi də olub. O, silahdaşlarını satmaqdan imtina etdiyi üçün müxtəlif işgəncələrə məruz qaldıqdan sonra asılıb. Ben Mehdinin öldürülməsinin 67-ci ildönümü ilə bağlı Fransadakı 20 təşkilat martın 4-də Yelisey sarayına məktub yazaraq, Əlcəzair inqilabı zamanı "Fransa dövlətindən işgəncəyə görə məsuliyyətini etiraf etməyi" tələb edib”. Bütün bunlar Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Açıq-aydın görünür ki, bu ölkədə multikulturalizm dəyərləri arxa plana keçib və irqçi siyasət dövlət siyasəti səviyyəsinə yüksəlib. Onu da xatırladaq ki, Fransa bu gün dünyada müstəmləkəçiliyi yeni formalarda ən qəddar şəkildə davam etdirən azsaylı ölkələr sırasında yer alır. Fransa yüz illər ərzində əsarətdə saxladığı dənizaşırı ərazilərə, Afrika ölkələrinə çoxsaylı problemlər yaradıb. Keçmiş müstəmləkə ölkələri bir-birinin ardında Fransanın hərbi-siyasi mövcudluğuna son qoyurlar ki, bu prosesdə Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində apardığı məqsədyönlü siyasət də mühüm rol oynayır. Bunlar fonunda Fransanın vandalizm siyasətinə dünyada etiraz artır.
Samirə SƏFƏROVA