Avroparlament Qarabağda qeyri-ciddi "kamera siyasətinə" başlayır...
Faiq İsmayılov: “Avropalı deputatların tələbi absurddur”
Məlum Avropa ölkələrində və Avropa qurumlarında hələ də qondarma erməni abidəsi şousu davam edir. Hələ də ermənipərəstlər belə rəy formalaşdırmaq istəyirlər ki, guya Qarabağda erməni abidələri, erməni irsi var.
Keçən ilin sentyabrından sonra bəzi Avropa deputatları özlərinə əl qatıblar ki, bəs demə, “Qarabağda erməni abidələri varmış, onlar təhlükə altındadır”. Əlbəttə, bu absurddur.
Məlum olduğu kimi, Avropa parlamentinin bir neçə ölkədən olan 50 deputatı Şarl Mişelə, Metsolaya və Ursula fon der Lyayenə məktub yazıblar. Əsasən Fransadan, Kiprdən, Almaniyadan, İtaliyadan və digər ölkələrdən olan 50 deputat Leksmanın rəhbərliyi altında müraciət tərtib edib.
Müraciətdə indiyədək Qarabağ müharibəsi ilə bağlı eşitdiyimiz köhnə cəfəngiyatlarla bərabər yeni bir absurd təklif də var. Müraciət müəllifləri, guya Qarabağda erməni irsinin məhv təhlükəsi ilə üzləşdiyini nəzərə alaraq, buradakı bütün erməni dini - tarixi irs nümunələrinə daimi müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.
Belə yerdə deyirlər, utanmasan oynamağa nə var ki...
“Kamera oyunu çox məkrli siyasətin tərkib hissəsidir ki, onu ermənipərəst qüvvələr ifa etmək istəyir”
AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, onsuz da Avropa Parlamenti də, ermənilər də həmişə olmayan şeylərə iddia edirlər. “Bu birmənalı olaraq siyasi məqsəd daşıyır. Bunun heç bir mədəni, mənəvi, dini anlamı yoxdur, ancaq siyasi məqsədlə edilir. Ermənilərin Qarabağda qoyduqları “irs”in adı vandalizmdir, onlardan bizim torpaqlarda dağıntılar, vandalizm aktları “miras” qalıb. Onların Qarabağda nə mənəvi, nə dini, nə də mədəni irsi olub, olmayan bir şeydən danışmaq isə absurddur.
Dəfələrlə demişəm və əsərlərimdə, yazılarımda, tədqiqatlarımda, beynəlxalq tədbirlərdəki çıxışlarımda sübut etmişəm ki, ermənilərin Qarabağda heç bir irsi yoxdur, olmayıb da. Bunu qonşu ölkələrdəki elmi konfranslarda etdiyim məruzlərdə də qeyd etmişəm. Əyani şəkildə göstərmişəm ki, bugünkü gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki tarix-mədəniyyət abidələrinin heç birinin memarlıq baxımından erməni mədəniyyətinə aidiyyəti yoxdur. Yəni bu irs ermənilərə aid deyil. Ermənilər işğal dövründə Xankəndidə iki, Füzuli ərazisində bir, Ağdərə ərazisində bir, Kəlbəcər ərazisində alban kilsəsininin formasını dəyişib onları erməni kilsəsi kimi qələmə veriblər. Bu həm də Laçın və Qubadlı ərazisini əhatə edir. Təxminən 20-yə yaxın alban dövrü abidəsinə qarşı bu addımı atıblar”.
F.İsmayılov qeyd etdi ki, işğal dövründə ermənilər qanunsuz olaraq sayı heç 10-a çatmayan kilsələr tikiblər, bu da tarix-mədəniyyət abidələri deyil. “Bu qanunsuz tikillərin abidə anlayışı ilə yaxınlığı yoxdur. Onlar istənilən vaxt sökülə də, dağıdıla da bilər. Ona görə ki, onlar bizim ərazilərdə Azərbaycan dövlətinin icazəsi olmadan qanunsuz tikiliblər.
O ki qaldı abidələrə kameraların quraşdırılması tələbinə, bu tələb əsassız və gülünc məna daşıyır. Avropalı deputatların tələbi absurddur. Kamera oyunu çox məkrli siyasətin tərkib hissəsidir ki, onu ermənipərəst qüvvələr ifa etmək istəyir. Bu birmənalı olaraq mümkünsüzdür. Onların məqsədləri aydındır və bu kamera tələbi iflasa məhkumdur”-deyə F.İsmayılov əlavə etdi.
İradə SARIYEVA