Əliyev və Stoltenberq COP29-a tam eyni baxış göstərdilər...
Ramil Hüseynov: “NATO səviyyəsində COP29-a verilən yüksək dəyər mühüm əhəmiyyət kəsb edir”
Məlum olduğu kimi, NATO Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza üç günlük səfəri çərçivəsində martın 17-18-də Bakıda yüksək səviyyəli görüşlər keçirib.
Səfər çərçivəsində Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. Hər iki tərəf qeyd edib ki, COP29 çox möhtəşəm bir tədbirdir və bu, Azərbaycanın qazıntı yanacağı ilə bərabər, bərpa olunan enerji mənbələri ilə bağlı apardığı siyasətə dünyada verilən qiymətdir. Hər iki tərəf COP29-u Azərbaycanın strategiyasına, demək olar ki, dünyadan verilən bir qiymət kimi dəyərləndirdilər.
Prezident Əliyev bununla bağlı bunları qeyd etdi: “Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq”.
Baş katib Stoltenberq isə qeyd etdi ki, Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbrsizliklə gözləyir: “İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. COP29 çox mühüm tədbir olacaq”.
“Bütün bunların təməlində Prezident İlham Əliyevin apardığı strateji, uzaqgörən siyasət dayanır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, NATO səviyyəsində COP29-a verilən yüksək dəyər mühüm əhəmiyyət kəsb edir: “Əvvəla, belə bir tədbirin Bakıda keçirilməsunə qərar veilməsi çox önəmli hadisədir. Bu, Azərbaycana ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir. Stoltenberqin Bakı səfəri zamanı səsləndirdiyi fikirlər, onun COP29-la bağlı toxunduğu məqamların ölkə başçısının fikirləri ilə üst-üstə düşməsi Azərbaycanın enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Bunu da şərtləndirən faktor ondan ibarətdir ki, Azərbaycan qazıntı yanacağı hasil etsə də, alternativ enerji sahəsinin inkişafına xüsusi maraq göstərir. Bu, ölkəmizin həm ekologiyaya verdiyi töhfədir, həm də enerji siyasətini şaxələndirməsidir. Özü də söhbət təkcə Azərbaycanın enerjiyə olan tələbatının alternativ enerji hesabına təmin edilməsindən getmir. Söhbət həm də yaşıl enerjinin Avropa dövlətlərinə ixracından gedir. Məhz buna görə COP29-un Azərbaycanda keçirilməsinə dünyada böyük və yekdil dəstək var. Bütün bunların təməlində Prezident İlham Əliyevin apardığı strateji, uzaqgörən siyasət dayanır. Bunun özü çox önəmli faktordur ki, ölkə başçısı dünyanın dəyişən tələblərini qabaqcadan görür. Bütün dünya gördü ki, Azərbaycan üçün ekologiyanın qorunması vacib əhəmiyyət kəsb edir. O üzdən, bütün bu baş verənlər ölkəmiz üçün önəmli əhəmiyyətə malikdir”.
Vidadi ORDAHALLI