Əmiraslanovdan onkoloji xəstələr üçün misilsiz təşəbbüs...
Onkoloji xəstələrin sayı illər keçdikcə artır. Bu xəstəliyin yaranmasının bir çox səbəbləri var. Lakin hazırda belə xəstələri narahat edən məsələlərdən biri də xəstəliyin müayinə və müalicəsi üçün göstərilən tibbi xidmətlərin İcbari Tibbi Sığortaya daxil edilməməsidir. Bu məsələ Milli Məclisdə də müzakirə olunub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır: "Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumlu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin İcbari Tibbi Sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır".
Adil Qeybulla: “Onkoloji xəstələr istənilən halda İcbari Tibbi Sığortanın predmeti olmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, onkoloji xəstəliklər İcbari Tibbi Sığorta tətbiq olunana qədər konkret bir paketdə idi: “Yəni bu xəstələr dövlət proqramı ilə müalicə olunurdular. İcbari Tibbi Sığortanın tətbiqi o deməkdir ki, dövlət proqramına daxil olan bütün o paketlərin hamısı birbaşa İcbari Tibbi Sığortanın predmeti olmalıdır. Yəni onkoloji xəstələr istənilən halda İcbari Tibbi Sığortanın predmeti olmalıdır. Bunun başqa alternativi yoxdur. Ana və uşaqların müalicəsi, vərəmli xəstələr, şəkərli xəstələr əvvəllər dövlət proqramı ilə müalicə olunurdurlar. Amma indi İcbari Tibbi Sığorta paketinə birbaşa daxil edilməlidir”.
Tural Hüseynov: “Onkologiya xəstəliyinin əməliyyat və əməliyyatdan sonrakı xərcləri ağır olur, bu səbəbdən onkoloji xəstəliklərin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi vacibdir”
Həkim-onkoloq Tural Hüseynov “Bakı-Xəbər”-ə açıqlamasında qeyd etdi ki, onkologiya xəstəliyinin əməliyyat və əməliyyatdan sonrakı xərcləri ağır olur. Bu səbəbdən onkoloji xəstəliklərin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi vacibdir. Bu qrup xəstələr də İcbari Tibbi Sığorta hesabına müalicə edilməlidir. Belə olan halda, xəstəlikdən əziyyət çəkən insanlar 10 minlərlə manat xərcdən xilas ediləcək”.
Günel CƏLİLOVA