Xəqani Qayıblının 60 illiyi keçirilib
Martın 16-da Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı İlə Beynəlxalq Muğam Mərkəzində tanınmış ictimai-siyasi xadim Xəqani Qayıblının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.
Bildirildi ki, şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim olan Xəqani Qayıblı yaşadığı ölkədə Azərbaycanı, Azərbaycan mədəniyyətini, xalqını çox yüksək səviyyədə təmsil edir. Şair Əkbər Qoşalı tədbirin başlanğıcında dedi ki, X. Qayıblı Batik dənizindən Xəzərə salam gətirib. X. Qayıblı özü çıxışda bildirdi ki, yubiley gecəsində etiraflar edəcək, təşəkkürlər bildirəcək.
O, qeyd etdi ki, keçən il Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında– Zəfər Qurultayında iştirak edib. O, Zəfər Qurultayında iştirak edən diaspor nümayəndəsi kimi Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib, yubliyar buna görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.
o, Molla Vəli Vidadinin, Hüseyn Əfəndi Qayıbovun soyundandır. O, qeyd etdi ki, mənsub olduğu soy Azərbaycan tarixində həm də iki şəhidlə - 20 Yanvar şəhidi Ələsgər Qayıbovla və 1991-ci ilin 20 noyabrında Qarakənkənd üzərində vurulan vertolyotda şəhid olan Azərbaycanın keçmiş Baş Prokuroru İsmət Qayıbovla xatırlanır.
X. Qayıblı dedi ki, Azərbaycanda azərbaycanlı olmaq çətindir, amma xaricdə azərbaycanlı olmaq çox asandır, orada yaşamaq çox çətindir. Yubliyarın tədbirində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Estoniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Yaak Lensment
və başqaları çıxış etdilər.
Diaspor üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev də çıxış edərək yubliyarı təbrik etdi və ona Komitənin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərinə görə" medalını təqdim etdi. Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədrinin müavini Rəşad Məcid də çıxış etdi və X. Qayıblının ədəbi - bədii, elmi yaradıcılığından danışdı. Ədəbiyyatşünas Məti Osmanoğlu isə bildirdi ki, X. Qayıblı qürbət eldə yaşasa da, heç zaman Azərbaycan dilinə xələl gətirməyib, Səməd Vurğunun, Məmməd Arazın dilində yazıb.
Tədbirdə çıxış edənlərin hər biri X. Qayıblının ədəbi, bədii, elmi yaradıcılığı və diaspor fəaliyyətindəki rolu barədə danışdılar, bildirdilər ki, yubliyar bu istiqamətlərdə çox mühüm işlər görüb, Azərbaycanı təbliğ etmək yolunda fəaliyyət göstərib. Tədbirdə əməkdar artist Ehtiram Hüseynov, açıq Ramin Qarayev, xanəndə İnci Şirvanlı və başqa ifaçılar X. Qayıblının sözləri oxuyublar.
İradə SARIYEVA