İrəvan iyulda yeni həmlə edəcək - Rusiya şokda, nə edəcəyini bilmir...
Tural İsmayılov: “Aİ ilə Ermənistan arasında ciddi uğurun əldə ediləcəyini düşünmürəm”
Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
Onun sözlərinə görə, sənədin imzalanması iyula planlaşdırılır: “Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin tam yerinə yetirilməsi halında, biz həqiqətən də Aİ üzvlüyünə hazır namizəd ölkə statusuna malik olacağıq. Eyni zamanda, ötən ilin noyabrında baş tutan faktaraşdırıcı missiyanın nəticəsi olaraq ortaya çıxan yeni əməkdaşlıq istiqamətləri və yeni proqramlar hazırlanır. İndi bu iki proses və siyasi yaxınlaşmamızın ifadəsi ilə yanaşı, yeni sənəd hazırlanır, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasında və digər iş səviyyələrində onunla bağlı bəzi məsələlər müzakirə olunub. Biz may ayında yeni layihəni alacağımızı gözləyirik, o, yəqin ki, iyul ayına kimi qəbul olunacaq”.
Maraqlıdır, Ermənistanla Aİ arasında yeni saziş imzalansa bu, Rusiya-Ermənistan münasibətlərinin sonrakı vəziyyətinə necə təsir göstərəcək? Bu sazişin imzalanmasının qarşısını almaq üçün ehtimal olunurmu ki, Rusiya nələrsə eləsin? Bu sazişin imzalanması Rusiyanın Ermənistanı köhnə kursa qaytarmaq yolunda nə kimi çətinliklər yaradacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Tural İsmayılov buna bir neçə prizmadan yanaşdı: “Faktiki olaraq bu gün Avropa İttifaqının Ermənistanla hansısa sənəd imzalamasından daha çox digər Fransa mərkəzli güc mərkəzlərinin İrəvanla danışıqlar aparmasını müşahidə edirik. Ortada olan da Fransanın vasitəsi ilə Avropa Parlamentindəki bəlli ermənipərəst dairələrin Ermənistanı Qərbin hansısa strukturları ilə inteqrasiya etdirməyə nail olmaqdır. Ancaq istənilən halda hesab edirəm ki, bu gün Avroittifaq böyük bir ailədir və qurum içərisində nəinki Ermənistanla bağlı, bütövlükdə dünyadakı hadisələrlə bağlı ortaq nöqtələr yoxdur. O baxımdan Aİ ilə Ermənistan arasında ciddi uğurun əldə ediləcəyini düşünmürəm. Rusiyanın bunun qarşısını almaq üçün hansısa radikal addımlar atacağını düşünmürəm. Çünki bunun üçün zərurətin yaranacağı o qədər də real görünmür. Niyə? Ona görə ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası var. Ona görə ki, Ermənistan iqtisadi baxımdan əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Digər tərəfdən Moskvanın əsas niyyəti Ermənistanı Rusiya ilə münasibətlərdə əvvəlki vəziyyətə qaytarmaqdır. Ancaq bu, Paşinyan hakimiyyəti dövründə çətin görünür. Ümumilikdə, Qərblə hansısa sazişlər imzalanmasa belə, indiki Sorosçu hakimiyyətin dövründə Rusiya-Ermənistan münasibətləri əvvəlki vəziyyətə qayıtmayacaq. Ancaq Rusiya görsə ki, təzyiqlər nəticə vermir, iyulda saziş imzalanacaq, o zaman ölkə daxilində təxribatlara əl ata bilər. Bunun üçün Rusiyanın Ermənistanda kifayət qədər resursları var”.
Vidadi ORDAHALLI