Keçmiş nazir Azərbaycana qarşı Rusiya-Ermənistan müharibə planını açdı...
Daşdəmir Əliyev: “Ermənistan yenə revanşist xəyallarından əl çəkməyib, Rusiya ilə alınmayan layihəni hazırda Fransa ilə davam etdirir”
Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan yerli mətbuata müsahibəsində deyib:
“2021-ci ildə mən nazir təyin olunanda Rusiya müdafiə naziri ilə razılığa gəldik. Nəticədə Rusiyanın müxtəlif akademiyalarından 40 yüksək rütbəli general, zabit və hərbi sahənin professoru Ermənistana gəldi. Onlar bilikli, təcrübəli zabitlər və generallar idi. Bizimlə 1,5 ay işlədilər və bir sənəd hazırladılar, onu müzakirə etdik, qəbul etdik və həyata keçirməli olduq. Sənəddə gələcək təhlükəsizlik sistemimizdən bəhs edilirdi. Bundan sonra biz Rusiya müdafiə naziri ilə görüşəndə dedim ki, sizin işiniz bununla bitmir, indi zəhmət olmasa, mütəxəssislər göndərin ki, sənədi həyata keçirək. Bizdə gəlib 3 il Ermənistan ordusunda işləməli olan 80-ə yaxın zabitin siyahısı var idi ki, ordumuzu inkişaf etdirək” .
Keçmiş nazirin müsahibəsində dediklərindən bir daha aydın olur ki, erməni hərbi-siyasi elitası Azərbaycanla yeni müharibəyə başlamaq niyyətində olub. Ötən ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı Ermənistanı hücum potensialından məhrum edib.
Rusiyanın bu prosesdə yer alması qəribə görünmürmü?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın sabiq müdafiə nazirinin bu açıqlaması bir çox qaranlıq mətləblərə işıq salmış olur: “Əslində, baş verənlər inandırıcı görünür. Çünki müharibədəki məğlubiyyətdən sonra Rusiya Ermənistanın könlünü almaq istəyirdi. Ermənistan KTMT-ni və Rusiyanı onlara lazımi yardım göstərmədiyinə görə sərt qınayırdı. Ola bilər ki, Rusiya da hərbçilərdən ibarət olan belə bir nümayəndə heyətini ora göndərib. Müdafiə naziri əslində bu məsələdə Paşinyanı qınayır ki, o, Rusiya ilə deyilən istiqamətdə əməkdaşlıq etməyib, prosesi yarımçıq saxlayıb. Bu, bir daha Ermənistanın sülhə yox, müharibəyə meylli olduğunu göstərir. Müharibədən sonra Rusiyanın Ermənistana münasibəti nisbətən loyal idi. Biz bunu sülhməramlıların davranışlarından da görürdük. Onlar ilkin etapda erməniləri bacardıqları qədər müdafiə edirdilər. Ancaq sonradan Ermənistanın açıq şəkildə Rusiyaya arxa çevirməsi, müşahidəçi adı ilə Avropa ölkələrinin hərbçilərini gətirib ölkəyə doldurması, Rusiya bazasının çıxmasını tələb etməsi vəziyyəti daha da pisləşdirdi. Bunlardan sonra Ermənistanla Rusiya arasındakı münasibətlər daha ağır fazaya qədəm qoydu. Ermənistan yenə revanşist xəyallarından əl çəkməyib. Rusiya ilə alınmayan layihəni hazırda Fransa ilə davam etdirir. Ancaq heç nəyə nail olmayacaqlar, çünki “dəmir yumruq” yerindədir”.
Məhəmmədəli QƏRİBLİ