Xatirə Kitabı Redaksiyasının kollektivi Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılovanı ziyarət edib...
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və redaksiyanın kollektivi Neftçala rayonu Həsənabad qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri şəhid Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovanı ziyarət edib.
Nəzakət Məmmədova Vətən Müharibəsi Qəhrəmanının anasına “44 gün – Tarixi zəfər” kitabını təqdim etdi. F. İsmayılova oğlu Camal İsmayılova bağlı xatirələrini bölüşdü, oğlunun dastanlara sığmayan şücaətindən, qəhrəmanlığından danışdı. F. İsmayılova bildirdi ki, oğlu Aprel döyüşlərində də iştirak edərək böyük qəhrəmanlıqlar göstərib.
Ana vurğuladı ki, 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərirlər. Camal İsmayılov və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salıblar...
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova onu ziyarət etdiklərinə və oğlunun xatirəsini əziz tutduqlarına görə Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə təşəkkür etdi. Sonda xatirə şəkili çəkdirdilər.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri şəhid Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılova ilə geniş müsahibəni qəzetimizin növbəti saylarından birində təqdim edəcəyik.
İradə SARIYEVA
Neftçala