Ermənistan KTMT-yə görə hələlik ancaq hədələnir, ortada bir şey yoxdur...
Məlum olduğu kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir. Ölkənin baş naziri Nikol Paşinyan isə ilin sonuna kimi qurumun sıralarını tərk edə biləcəklərini istisna etmir.
O, bunun səbəblərini belə əsaslandırır: “Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb. Artıq bir ildir ki, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur. Biz uzun müddətdir ki, KTMT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmirik. Bu təşkilat qərar qəbul etməkdən ötrü konsensus prinsipindən istifadə edir, amma biz çox sadə səbəbə görə orada iştirak etmirik. Çünki niyə iştirak etməliyik? Sualımıza cavab verən yoxdur”.
Ermənistan baş naziri əvvəllər KTMT-nin, ölkəsi üçün təhlükəsizlik sahəsində öz öhdəliklərini yerinə yetirmək əvəzinə, təhlükəsizlik problemləri yaratdığını bəyan etdiyini xatırladıb: “KTMT, Ermənistanın adekvat mövqeyini və təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini həyata keçirir. Hazırda KTMT ilə münasibətlərimizi de-fakto dondurmuşuq. Əgər proses belə davam edərsə, əlaqələrimizi de-yure dondurmalı olacağıq. Biz başqa nə edə bilərik?”. Paşinyan Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb. Bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə bildirir ki, KTMT-dən çıxmaq İrəvana baha başa gələ bilər. Qeyd olunur ki, Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir: “Kremlə bağlı ekspertlərin fikrincə, Qərb Moskvadan uzaqlaşması üçün İrəvanı şantaj edir. Bu fonda isə Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da vurğulayır ki, Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır və bu, təəccüb doğurur. Zaxarova qeyd edib ki, Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz ritorikasından narahatdır. Amma maraqlısı odur ki, Ermənistanın KTMT-dən çıxmasının nəyə gətirib çıxaracağı ilə bağlı İrəvan hakimiyyəti faktiki olaraq ictimaiyyətdən dəqiq məlumatı gizlədir. Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Əsryan bu xüsusda bildirir: “Ermənistan hələ KTMT-dən çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir”. Rus hərbi politoloq Aleksandr Perenciyev isə Edvard Əsryanın "sirr" adlandırdığı nəticələri belə izah edir: "Ermənistanın KTMT-dən çıxması ilə onun dövlətçiliyi üçün ciddi risqlər yaranacaq. Məsələ onda olacaq ki, Ermənistan faktiki olaraq özünü ərazi bütövlüyünü qorumaqdan məhrum edəcək. Azərbaycanla Ermənistan arasında ərazi prosesləri xeyli böyüyə, Türkiyə də bu işə qarışa bilər. Bu halda İrəvan üçün kiminsə köməyinə arxalanmaq çətin olacaq, Qərb də Ermənistana kömək etməyəcək. Başqa risqlər də var. Çox güman ki, Qərb ölkələri Ermənistanda NATO bazalarını yerləşdirməyə çalışacaqlar ki, bu da başqa şeylərlə yanaşı, İrana qarşı yönəlib. Bu o deməkdir ki, İran-Ermənistan münasibətlərində kəskinləşmə olacaq. Nəticədə Ermənistan özünü düşmən mühitdə tapa bilər. Hətta belə bir şəraitdə Gürcüstan qonşusunun zəifliyindən istifadə edə bilər. Mən ərazi iddialarını demirəm, amma Gürcüstanın siyasi şantajı indi Ermənistanın müdafiəsiz dövlət olduğunu başa düşməsi ilə mümkündür. Bununla Qərbdə yeni tərəfdaşlar istədiklərini edəcəklər, Qərb isə Ermənistandan alət kimi istifadə edəcək və birmənalı olaraq onun milli maraqlarını qorumayacaq”.
Aleksandr Perenciyevə görə, nə qədər ki Ermənistan KTMT-nin bir hissəsidir, KTMT ona öz ərazisində mühafizəyə zəmanət verir: “Heç olmasa, Rusiya bu təhlükəsizliyə mütləq zəmanət verərdi. Əgər vəziyyət elə inkişaf etsə ki, Ermənistan KTMT-dən çıxacaq, o zaman durum dəyişəcək..Ermənistanda baş verənlərə KTMT-nin yox, sırf Ermənistan hakimiyyətinin cavabdehliyi olacaq”. Hərbi politoloq əlavə edib ki, Ermənistanın bundan sonra da tam imtina ilə bağlı olmayan kompromis variantları ola bilər: "KTMT-nin tərəfdaşı statusunu qəbul etmək variantı var. KTMT-nin tərəfdaşı təşkilata üzv olmayan, lakin onunla əməkdaşlıq edən ölkədir. Belə olan halda KTMT-nin müəyyən dərəcədə imkanları qalacaq. O mənada ki, Ermənistanın hansısa təhlükəsizliyini təmin edə biləcək. Bu status təxminən səkkiz il əvvəl Özbəkistana təqdim edilib. Güman edilirdi ki, Özbəkistan KTMT-nin tərəfdaşı olacaq, lakin Daşkənd heç vaxt tərəfdaş statusunu qəbul etməyib. Çin belə tərəfdaşlığa maraq göstərir və Ermənistan da bu yolla gedə bilərdi. Əgər İrəvan siyasi aksiya keçirmək istəsə, o zaman KTMT-nin üzvlüyündən tərəfdaşlara keçid yaxşı seçim olardı. Amma erməni tərəfi heç bunu da istəmir”. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu fonda bildirir: “Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə, KTMT-dəki mövcud vəziyyəti müzakirə etməyə çağırır. Hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır. Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tamhüquqlu işinə qayıtması da kömək edəcək. Amma təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər, həqiqətən də, ondan uzaqlaşıblar”.
Nahid SALAYEV