Qafqazda sülhə ziyan vuran Avropa Parlamenti Ermənistanı Rusiyaya yem etdi...
Məlum olduğu kimi, bu günlərdə Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə layihəsində deyilir ki, Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Avropa İttifaqı-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.
“Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamədə ölkəmizə qarşı da yenə əsassız ittihamlar yer alıb. Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması ölkəmizə qarşı bu qurumda qərəzin davam etdiyini göstərir. Görünən odur ki, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.
Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, Qarabağdan olan erməni separatçılara göstərilən aşkar dəstək, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi Avropa Parlamentinin anti-Azərbaycan siyasətinin tam vüsətlə davam etdiyini təsdiqləyir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə regionda barışa ciddi zərbə hesab olunur. Məsələnin digər maraqlı tərəfi prosesin Ermənistanı Rusiyanın hücum hədəfəinə çevirməsidir. Elə bu fonda Ermənistanın Demokratik Alternativ Partiyasının sədri, politoloq Suren Surenyants Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə çox da sevinməməyi məsləhət görür: “Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb. Əlbəttə ki, bu, gözəl səslənir, lakin xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlük perspektivi qeyri-real olmasa da, çox qeyri-müəyyən olduqda, verilən “kökəyə” bənzəyir. Bu o deməkdir ki, biz başa düşməliyik, bu “kökə” Ermənistana hansı qiymətə və nə üçün verilir, biz bunun üçün hansı qiymət ödəyəcəyik. Əlbəttə, mən başa düşürəm ki, eyforiya fonunda bu məsələlər “lazımsız” görünür, amma mənim fikrimcə, onları müzakirə etmək lazımdır”.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin də məsələyə reaksiyası çox maraqlı olub. O hesab edir ki, bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış müqavilələrə yenidən baxılmasını tələb edir: “Bir neçə həftə əvvəl Rusiyanın deimperiya, dekolonizasiya və refederalizasiyası, yəni Rusiyanın bir dövlət kimi dağılması üçün Ukraynanın qələbəsinə çağırış edən Avropa Parlamentinin deputatları Ermənistana dəvət göndərir və yaxud onu buna cəlb edirlər. Aydındır ki, onlar Rusiyaya düşmən kimi baxırlar. Ermənistana dəvət İrəvanın Avropa İttifaqı üçün dəyərli olduğuna görə deyil, Ermənistanın Rusiyadan Qərbə yönləndirilməsini möhkəmləndirmək üçün vəziyyətdən və Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyidir. Paşinyan hökuməti bu yolla gedir və bu, Avropa Parlamentinin oyunudur”. Zatulin əlavə edib ki, bu vəziyyətdə Avropa İttifaqı Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir: “Bu yaxınlarda Ermənistanın xarici işlər naziri növbəti dəfə Ermənistanın Avropa istəklərindən danışdı. Bu halda söhbət Ermənistanın və Avropa Parlamentinin oyunundan gedir. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin ilk növbədə Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Rusofobiya zəminində güclənən bu aktlar indiki halda Rusiya-Ermənistan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa hesablanıb”. Bu fonda baş verənlərlə bağlı “Exo Kavkaza” nəşri yazır: “Avropa Parlamentinin Ermənistana Aİ-yə namizəd statusunun verilməsinin məqsədəuyğunluğu ilə bağlı qətnaməsi Moskva tərəfindən onun Cənubi Qafqazdakı maraqlarına meydan oxumaq kimi qəbul edilə bilər. Son zamanlar Rusiyanın aparıcı rol oynadığı formatlarda iştirakını ciddi şəkildə məhdudlaşdıran İrəvan getdikcə daha açıq şəkildə xarici siyasətin oriyentasiyasının zəruriliyindən danışır. Ölkə rəhbərliyi birbaşa Ermənistanın arxalandığı mövcud təhlükəsizlik mexanizmlərinin acizliyini bəyan edir. Moskva isə öz növbəsində açıq şəkildə bildirir: İrəvanın sözləri əməllərlə təsdiqlənməyə başlasa, reaksiya özünü çox gözlətməyəcək. Amma baş nazir Nikol Paşinyan Avropa Parlamentinin bütün fraksiyalarının qətnaməni dəstəkləməsini yaxşı siqnal hesab edir. Eyni zamanda, Nikol Paşinyan Ermənistanın xarici siyasət kursunun sürətlə dəyişməsinə görə bütün məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. İrəvan yaxşı başa düşür ki, Qərbə qeyd-şərtsiz dönüş Rusiya ilə ciddi problemlərlə nəticələnə bilər və bu, artıq xarici siyasət vektorunun dəyişməsinin nəticəsiz ötüşməyəcəyini açıq şəkildə ortaya qoyur. Avropa Parlamentinin üzvləri də əmindirlər ki, indiki şəraiti nəzərə alaraq, Avropa Ermənistanın təhlükəsizliyinə daha çox diqqət yetirməlidir. Qəbul edilmiş qətnamədə Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulması ehtimalı ilə bağlı bəyanatından bəhs edilir. Sənədin müəllifləri hesab edirlər ki, bu yolla ölkə Rusiyadan asılılığını azaltmağa çalışır və Avropa İttifaqı buna uyğun cavab vermək imkanına və siyasi iradəsinə malik olmalıdır. Görünür, Moskvada baş nazir Nikol Paşinyanın yeni təhlükəsizlik formatları axtarışının məqsədəuyğunluğu barədə dediklərini də bu ruhda qəbul edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın mövqeyini səhv adlandırıb. Bundan əvvəl Moskva Ermənistanı bu ölkənin Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına görə tənqid edib. Ermənistanın hakimiyyət orqanları fevralın sonundan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazır olduğunu bildirir”.
Ramil QULİYEV