Sabiq “Vaqnerçiləri” Dnestryanı bölgəyə sızdırmaq planı var?..
İbrahim Rüstəmli: “Vaqnerçilər” iki səbəbdən ora soxulmaq istəyir”
Kişinyov Beynəlxalq Hava Limanında Dnestryanıya getməyi planlaşdıran “Vaqner” qrupunun keçmiş muzdlusu olduğu müəyyən edilən Rusiya vətəndaşı aşkarlanıb.
Təhlükəsizlik yoxlaması zamanı verdiyi ifadələrə görə, 36 yaşlı kişi Moldovada qısamüddətli səfərdə olduğunu və Dnestryanı bölgədə yaşayan dostuna baş çəkməyə getdiyini deyib. Sonrakı araşdırma zamanı məlum olub ki, “dost” hava limanının yaxınlığında gözləyib və onunla tanışlığını gizlətməklə təhlükəsizlik orqanlarını çaşdırmağa cəhd edib. Risq və mövcud təhlükəsizlik protokolu qiymətləndirildikdən sonra Rusiya Federasiyası vətəndaşının Moldova ilə dövlət sərhədini keçməsinə icazə verilməyib. O, təyyarə ilə geri qaytarılıb.
Maraqlıdır, “vaqner”çilər Dnestryanı bölgəyə nə məqsədlə soxulmaq istəyir?
“Onların vasitəsilə Ukrayna ərazisində diversiya fəaliyyəti göstərmək, kəşfiyyat məlumatları toplamaq...”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “vaqnerçilər” iki səbəbdən Dnestryanı bölgəyə soxulmaq istəyir: “Səbəblərdən biri onunla əlaqədardır ki, bir müddət əvvəl Dnestryanı bölgədəki separatçılar Rusiyaya birləşmək təşəbbüsü ilə çıxış ediblər. Çünki həmin separatçılar məhz Rusiyanın hərbi yardımı ilə 1992-ci ildə ərazini ələ keçiriblər. Sonra “sülhməramlı” adı altında Rusiya qoşunları bölgəyə yerləşdirildi. Beləcə, həmin ərazi de-fakto Moldovanın nəzarətindən çıxdı. Moldova prezidenti Maya Sandunun Avropayönümlü siyasəti, ötən il bu ölkənin Avropa İttifaqına namizəd statusunu alması Moskvanı ciddi şəkildə narahat edir. Üstəlik, Moldova birmənalı olaraq Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir. Ona görə də Dnesteryanı bölgənin Rusiyaya “birləşdirilməsi” təxribatını ortaya atıblar. Keçmiş “vaqnerçiləri” də bu məqsədlə göndərir ki, qarşıdurmanı alovlandırsınlar. Çünki Rusiyanın birbaşa Moldovaya hücum etmək imkanı yoxdur. Ona görə ki, bu ölkə ilə quru əlaqəsi yoxdur. Moldova yalnız Rumıniya və Ukrayna ilə həmsərhəddir. Rusiyanın Moldovaya “vaqnerçiləri” göndərməsinin ikinci səbəbi Ukrayna ilə əlaqədardır. Dnestryanı bölgə Ukrayna ilə sərhəddə yerləşir. Ora gedən “vaqnerçilər” vasitəsilə Ukrayna ərazisində diversiya fəaliyyəti göstərmək, kəşfiyat məlumatları toplamaq mümkündür. Biz nəzərə almalıyıq ki, “Vaqner” qrupu dünyanın müxtəlif ölkələrində təxribatlar törədib və bu sahədə bəlli təcrübəyə malikdilər. O cümlədən, döyüş təcrübəsinə sahibdilər. Ötən ilin mayında Ukraynanın Baxmut şəhərini “Vaqner” qrupu böyük itkilər hesabına işğal etdi. O vaxt bu qrupun rəhbəri Yevgeni Priqojin hələ sağ idi. Priqojin öləndən sonra da Rusiya “Vaqner”dən müxtəlif təxribat məqsədləri üçün istifadə edir”.
Vidadi ORDAHALLI