İrəvan 4 halal kəndimizin qaytarılmasını "ərazi güzəşti” kimi başa düşür...
Ramil Məmmədli: “Bu, Ermənistanın öz üzərinə götürdüyü öhdəliyidir və əməl etməyə borcludur”
Son günlər Ermənistanda Azərbaycana aid 4 eksklav olmayan kəndin geri qaytarılması aktiv şəkildə müzakirə olunur. Ancaq maraqlıdır ki, həm Ermənistan hakimiyyəti, həm də müxalif dairələr bunu ərazi güzəşti kimi təqdim etməyə çalışır.
Azərbaycanın mövqeyi budur ki, Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Bu barədə dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların görüşləri barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
Ermənilərin 4 halal kəndimizin qaytarılmasını "ərazi güzəşti” kimi təqdim etməsi nə anlama gəlir?
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Ermənistan hökuməti şərti dövlət sərhədində yerləşən və "anklav ərazilər" adlandırılan 8 kəndi Azərbaycana qaytarmaqdan hər vəchlə yayınmağa çalışır. Son aylar ərzində sülh danışıqları prosesində ən çox müzakirə olunan mövzu məhz bu məsələ olsa da, hələ ki, ortada real nəticə yoxdur. Üstəlik, Nikol Paşinyan başda olmaqla, Ermənistanın rəsmi nümayəndələri işğal altında saxladıqları kəndlərin geri qaytarılması ilə bağlı fikirlərini tez-tez dəyişir, gah fərqli təkliflərlə çıxış edir, gah da həmin əraziləri azad etmək fikrində olmadıqlarını bəyan edirlər. Hətta erməni Baş nazir bu yaxınlarda Azərbaycanı, guya 31 kəndi işğal altında saxlamaqda ittiham edərək, tərəflər arasında uzun müddətdir davam edən danışıqlardan alver predmeti kimi bəhrələnmək istəyir. Ermənistanla sərhəddə yerləşən və hazırda işğal altında olan ərazilərdən danışan millət vəkillərimiz belə deyir ki, üç ildir həmin 8 kəndin azad edilməsi ilə bağlı davam edən sülh danışıqları nəticə vermirsə, ikinci variant, yəni güc yolundan istifadə qaçılmaz amilə çevrilir. Bununla Ermənistanın sülh danışıqlarını məqsədli şəkildə ləngitdiyini və Qərbdəki havadarlarının dəstəyi ilə Azərbaycanın suveren ərazisi olan 8 kəndi geri qaytarmaqdan boyun qaçırdığının şahidi oluruq. Ermənilər bilir ki, artıq Azərbaycanın səbri tükənib. Hər an həmin kəndlərin hərbi yolla azad edilməsinə göstəriş verilə biləcəyindən ehtiyat edirlər. Çox güman ki, 4 kəndin qaytarılması ilə bağlı qərara gəliblər, ancaq bunu da guya güzəşt kimi təqdim edirlər. Hansı güzəştdən söhbət gedə bilər? Bu, Ermənistanın öz üzərinə götürdüyü öhdəliyidir və əməl etməyə borcludur”.
Məhəmmədəli QƏRİBLİ