Ermənistandakı Aİ missiyası Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır - Rusiya XİN açıqladı
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - diplomat bildirib.
Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır.
“İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”, - deyə Zaxarova əlavə edib.